Şriftin ölçüsü :

Saytın rəngi :

Tataz piri

 
   Pir Bakının Pirşağı kəndində, qəbristanlıqda yerləşir. Pirşağı kəndinin 2 min ildən çox  yaşı var. Deyilənlərə görə kəndin yaşı orada olan pirin yaşı ilə ölçülür.  Söylənilənlərə görə, bu, Eqzemanın bir növü olan Tataz piridir. Bunun da haradan götürüldüyü bəlli deyil. Amma əslində Pir qardaşlar birliyidir. Deyilənə görə qədimdə 3 qardaş heyvandarlıqla məşğul olurmuş. Qardaşlardan biri heyvan otararkən papağını çıxardıb üzərlik kolunun üstünə qoyur və yatır. Yuxuda ona deyirlər:  “Ey Allahın bəndəsi, suvab sahibi olarsan. Neçə illərdir ki, biz yerin altında qalmışıq”. Evə gələndən sonra yuxusunu qardaşlarına danışır və gedib bellə oranı qazırlar. Yerdən qədim qəbirlər aşkarlanır. 
   Yaşlı sakinlərin verdiyi məlumata görə Pirşağıda iki pir olmuşdur. Birinci qədim pir dənizə yaxın ərazidə yerləşmiş, lakin sonralar adamlar bu ərazidən köçdükdən sonra torpaq altında qalmışdır. Məlumdur ki, Pirşağı özünün güclü şimal küləklərilə məşhurdur. Yaşlı sakinlər qədim pir haqqında belə deyirlər: "Karvan yolunun iki yol ayrıcında böyük bir sahəni əhatə edən Şahi-pir deyilən pir vardı. Həmin pirin həyətində iri gövdəli qara tut ağacı olub. Yol ayrıcında olduğundan uşaqdan böyüyə hamı orada ayaq saxlayıb Piri ziyarət edərmişlər. Niyyət edənlər öz paltarlarından, baş yaylıqlarından ağac budaqlarına asarmışlar. Həmin pirin tarixindən dəqiq xəbər verən olmayıb.
   Güclü tufanlar nəticəsində dənizkənarı yaşayış yerləri, o cümlədən Şahi-pir də torpaq altında qalıb. Hal hazırda bərpa edilmiş Pirşağı Tataz piri haqqında "Azərbaycanın epiqrafik abidələr korpusu" kitabında aşağıdakı məlumat qeyd edilir :"Piri-Şahi movzoleyindən yalnız bünövrə və Piri-Şahinin yanında dəfn edilmiş Şeyx Mühəmmədin qəbirüstü abidəsi qalmışdır.
   Abidənin 1996-cı ildə açılışı olub. Onun ilkin tikilişi sovetlər dövründə sökülüb-dağılıb. Sonradan (sahəsi 36 kv.metrdir, 6x6metr) pir bərpa olunub. Pirin sərdabə hissəsində iki qəbir yerləşib. Qəbirlər haqda müxtəlif məlumatlar mövcuddur. Abidənin içərisi, eləcə də sərdabə hissəsi mərmərlə döşənib. Damı və günbəzi dəmir təbəqə ilə örtülüb. Günbəzin üstündə dəmir təbəqədən hazırlanmış aypara və səkkizguşəli ulduz işlənib.
         
Keçidlər