Şriftin ölçüsü :

Saytın rəngi :

Hazırda dünya üzrə yanacağın qiymətində yüksək artım dinamikası müşahidə edilir

07 yanvar 2021 | 20:00
   Məlum olduğu kimi, son vaxtlarda birjalarda bir sıra obyektiv amillər, həmçinin bəzi hallarda subyektiv müdaxilələr üzündən neft və neft məhsullarının qiymətlərində enmələr və qalxmalar müşahidə edilir. Dünyanı ağuşuna alan pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.
   Qardaş Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadır - yəni 32%-lik artım var. Qonşu Gürcüstanda ötən ilin mart ayında 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lariyə (1,25 manat) qalxmışdı. Ukraynada isə ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb.  Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7% artıb.
   Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da özünü göstərməyə başlayıb. Belə ki, noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar. Yeni qərara müvafiq olaraq, həm benzin, həm dizelin bir litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar.
Odur ki, inkişaf etmiş ölkələrdə olduğu kimi ölkəmizdə də yanacağın qiymətindəki artım gözlənilən idi. Son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib. 2018-ci ildə 28 876, 2019-cu ildə 47 710, 2020-ci ilin 11 ayında isə 47 841 avtomobil idxal edilib. İdxalın artması ilə analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib. Onu da qeyd etmək lazımdır ki, tarif dəyişikliyindən sonra belə Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Məsələn, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödənilməsi nəzərdə tutulub. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
   Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq sosialyönümlü tədbirlərə yönəldiləcəkdir. Əhalinin sosial müdafiəsi tarif tənzimlənməsində nəzərə alınan çox mühüm amillərdən biridir.
 

Rəşad Abbasəliyev,
YAP Sabunçu rayon təşkilatının Aparat rəhbəri
Keçidlər