Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa səfərindən mənfur düşmənlərin çıxarmalı olduqları çox mühüm nəticələr var

17 yanvar 2021 | 20:00
   Müstəqil Azərbaycanın 30 illik tarixində ilk dəfə Azərbaycan Prezidenti Şuşaya ayaq basdı. Bu özlüyündə həm yaxın tariximizin dönüş nöqtəsi, həm milli qürur məsələsidir. Çünki Şuşa Qarabağın açarı, milli mədəniyyətimizin beşiyi, paytaxtıdır. Şuşaya sahib olmaq Qarabağın taleyinə hökm etmək imkanı deməkdir. Azərbaycan 29 il əvvəl məhz Şuşanı itirməklə aranlı-dağlı Qarabağı əldən vermişdi. Bu mənada Şuşanın işğaldan azad olunması düşmənin məhvini rəsmiləşməsi idisə, müzəffər Ali Baş Komandanın Şuşaya səfəri haqqın, ədalətin, beynəlxalq hüququn ali ideallarının bərpası demək oldu. Prezident İlham Əliyev Şuşaya səfərində bir çox vacib məqamlara toxundu və düşmənə çox ciddi mesajlar verdi. Bu baxımdan bu səfər xüsusi əhəmiyyət daşıyır. Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar. Ancaq edə bilmədilər. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Ermənistan tarixdə ən ciddi dərsini aldı.
   Etiraf edək ki, Ermənistan və işğalçının çoxsaylı dəstəkçilərinin fəaliyyətləri fonunda bir neçə il bundan öncəyə qədər Şuşada Azərbaycan bayrağı çoxları üçün əlçatmaz görünürdü. Lakin, Prezident İlham Əliyev özünün də dediyi kimi, nəinki insanları ruhdan düşməyə qoymadı, əksinə, son 17 ildə Qarabağ eşqiylə yanan, vətən uğrunda can verməyə hazır, qan tökməyə qadir olan bütöv nəsil formalaşdırdı ki, Ali Baş Komandanın ilk çağırışında da məhz ilk hay verən, öndə gedən bu insanlar oldu. Şuşa səfəri Ermənistanın xunta rejiminə bir mesaj idi ki, heç kim revanş eşqinə düşməsin. Nə Azərbaycan əlçatmaz Şuşanı müdafiə edə bilməyən, yaxud müdafiə etmək istəyənləri Allahın ümidinə tərk edən 90-cı illərin Azərbaycanı deyil, nə də ölkəni o dövrkü hakimiyyət idarə etmir. Bu gün Azərbaycanda milli birlik tam təmin olunub, ölkəyə 30 illik işğala 44 günə son qoyan, Şuşanı süngü-bıçaqla, əlbəyaxa döyüşlə azad etmiş bir ordunun Ali Baş Komandanı rəhbərlik edir. Əgər Ermənistan işğal və qisas eşqinə düşərsə qarşısında 27 sentyabrda gördüyündən qat-qat güclü, artıq qələbəni, zəfəri dadmış bir ölkə görəcək.
   Tarix boyu heç bir bəd əməl cəzasız qalmayıb, bəzən illər sürüb, bəzən insan ömrü vəfa etməyib, lakin, gec ya tez haqq edən cəzasını alıb. Bu səfər bəşəriyyətə bir mesaj idi ki, biz – Azərbaycan xalqı olaraq prosesləri taleyin ümidinə buraxmayaraq özümüz tarixi ədalətin bərpasına nail olub layiqli cəzanı özümüz verməyi bacaran toplumuq.
   Abduləzizov Mehman, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində Neft-Energetika Kollecinin direktoru
Keçidlər