Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağın yenidən qurulması prosesində hər birimiz iştirak etməliyik

03 fevral 2021 | 20:00
   Bu gün qarşımızda duran ən vacib məsələ Qarabağın yenidən qurulmasıdır. Ölkəmizin inkişafı üçün yeni imkanlar açılıb. Vətən müharibəsində əldə etdiyimiz zəfər bu imkanları şərtləndirir. Biz görəcəyimiz işlərlə bir daha dünyaya sübut etməliyik ki, bu torpaqların əsl sahibi bizik. Ermənilər 30 il ərzində cənnət olan bu torpaqları cəhənnəmə çeviriblər. Orada daşı-daş üstündə qoymayıblar. Biz müqayisəli şəkildə dünyaya göstərməliyik ki, torpağın əsl sahibi kimdir, torpağı işğal altında saxlayan, oranı talan edən, dağıdan kimdir. Qarabağın yenidən qurulması prosesində hər birimizin iştirak etməyimiz vacibdir. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən başqa ölkələrdə yaşayan soydaşlarımız, habelə Azərbaycana dost olan insanlar bu prosesdə iştirak etməlidir. Məhz hər kəsin bu prosesdə iştirakını təmin etmək üçün Qarabağ Dirçəliş Fondu yaradıldı.
  Qarabağımız, onun tacı olan Şuşamız qısa zamanda cənnət məkana çevriləcək. Möhtərəm Prezidentimiz bütün işlərin planlı şəkildə həyata keçiriləcəyini bildirdi. Əsas diqqət göstərilən məsələlərdən biri də tarixi abidələrimizin bərpa olunmasıdır. Şuşanın hər bir məhəlləsi, hər bir daşı tarixdir. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial imkanlar Azərbaycanın dünyaya təqdimatında bir daha öz sözünü deyəcək. Baxmayaraq ki, ermənilər illərdir Şuşanın onlara məxsus olduğunu iddia edirdilər. Tarixi, dini abidələri dağıtmaqla, yerlə-yeksan etməklə bu torpaqların əsl sahibini inkar etmək qeyri-mümkündür. Tariximizi özündə əks etdirən bu abidələrimizin bərpası üçün xarici mütəxəssislərin cəlb ediləcəyi bildirildi.
  Təbii ki, qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun artırılması əsasdır. Bu isə öz növbəsində dövlət məmurlarının üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmələrini bir tələbə çevirir. Möhtərəm Prezidentimizin məmurlardan tələbi daim bu olub: Dövlət maraqları hər şeydən üstün olmalı, məmurlar xalq üçün yaşamalı, onların qayğıları ilə maraqlanmalı, məsuliyyət hissini unutmamalıdırlar. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi məmurlara ciddi mesajdır. O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında bu ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin ediləcək. Artıq Qarabağın ürəyi olan Şuşada bu institut yaradılıb. Möhtərəm Prezidentimiz hər zaman çıxışlarında bildirir ki, Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin xüsusi imtiyazları yoxdur!

Əmircanova Qənirə, 28 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim
Keçidlər