Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məmmədov Elcan Zöhrab oğlunun ailəsi ilə görüş keçirildi

08 fevral 2021 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məmmədov Elcan Zöhrab oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
  Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan E.Məmmədovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.
   Qeyd edək ki, Məmmədov Elcan Zöhrab oğlu 1989-cu ildə Tərtər rayonunda anadan olmuşdur. 1996-cı ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin 1-ci sinfinə getmiş, 2007-ci ildə isə Bakıxanov qəsəbəsi 169 saylı tam orta məktəbin məzunu olmuşdur. Elə həmin ildə də Azərbaycan Texniki Universitetinə qəbul olan E.Məmmədov 2010-cu ildə ailə həyatı qurmuşdur. E.Məmmədov 2011-ci ildə həqiqi hərbi xidmətə yola düşmüş, xidmətini Cəlilabad rayonu, Göytəpə qəsəbəsində başa vurmuşdur. 2018-ci ildə öz istəyi ilə xüsusi kurs keçərək leytenant işləyən və bu müddətdə əsgərlərinin dərin rəğbətini qazanan E.Məmmədov Vətən müharibəsi zamanı Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə  “Vətən uğrunda” və “Suqovuşanın azadlığı uğrunda” medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!
 
Keçidlər