Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Babayev Rəşad Ağabəy oğlunun ailəsi ilə görüş keçirildi

14 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev və Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Babayev Rəşad Ağabəy oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
   Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan R.Babayevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
   Qeyd edək ki, Babayev Rəşad Ağabəy oğlu 4 iyun 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə 109 saylı tam orta məktəbə daxil olmuş, 9-cu sinifdən 277 saylı idman təmayüllü məktəbə keçmişdir. 2009-cu ildə 277 saylı idman təmayüllü tam orta məktəbi bitirib 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının məzunu olmuşdur. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağrılan R.Babayev müddətdən artıq hərbi xidmətdə olmuş, ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və seçilmişdir. 2014-cü ildə XTQ-nin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. 2014-cü ildə kiçik gizir, 2017-də gizir vəzifəsinə təyin olunmuşdur. O, həmçinin hərbi hissədə qrup komandiri kimi də fəaliyyət göstərmişdir. R.Babayev Vətən müharibəsində də iştirak etmiş, Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli və Xocəvənd rayonları uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 10 oktyabr 2020-ci ildə Xocəvənd rayonu Hadrut qəsəbəsində gedən döyüşlərdə xeyli düşməni məhv edərək şəhidlik zirvəsinə ucalan R.Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə  “Vətən Uğrunda” və  “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!
 
Keçidlər