Şriftin ölçüsü :

Saytın rəngi :

192 nömrəli tam orta məktəbdə “Zəfər tarixi”, “Nağıl dünyası” və “Nizami Gəncəvi 880” adlı muzeylər yaradıldı

18 aprel 2021 | 20:00
   19.04.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları Sabunçu rayonu, Zabrat qəsəbəsi 192 nömrəli tam orta məktəbdə yaradılan “Zəfər tarixi”, “Nağıl dünyası” və “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Nizami Gəncəvi 880” muzeyləri ilə tanış oldular.
   Məktəbin direktoru Təhmasib Məmiyev qonaqlara muzeylərin hazırlanması barədə geniş məlumat verərək bu işdə məktəb-valideyn və müəllim-şagird əməkdaşlığının xüsusi rola malik olduğunu bildirdi. Qeyd olundu ki, qısa müddət ərzində muzeyin yaradılması şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək və vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.
   “Zəfər tarixi” muzeyində Azərbaycanın Milli Qəhrəmanları və Vətən müharibəsi şəhidlərinə aid guşələr, şəhid təhsil işçiləri, ermənilərin təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır. Muzeydə şagirdlərin əl işləri olan “Şuşa” və “Xudafərin körpüsü” maketləri, eyni zamanda xalqımızın milli adət-ənənələrini əks etdirən müxtəlif növ sənətkarlıq nümunələri xüsusi maraq doğurur.
   Məktəbdə yaradılan “Nağıl dünyası” muzeyində Azərbaycan xalq nağıllarının personajlarından ibarət ekspozisiyalar sərgilənir.
   Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncamdan irəli gələn tələblərin icrası, şagirdlərə dahi Nizami Gəncəvi irsinin daha dərindən aşılanması məqsədilə yaradılan “Nizami Gəncəvi 880” muzeyində isə dahi şairin yaradıcılığı ilə bağlı şagirdlərin əl işləri nümayiş etdirilir.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova məktəb rəhbərliyi tərəfindən irəli sürülən bu təşəbbüsü yüksək dəyərləndirərək gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək istiqamətində bu kimi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
 
Keçidlər