Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici 9-cu tur-aksiya çərçivəsində Sabunçu rayon məktəbliləri Naxçıvanda

25 mart 2018 | 20:00
  Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
  Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 4600-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
  Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
  Naxçıvan Dövlət Xalça Muzeyində olan şagirdlərə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.
Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar.
  Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərdə xoş təəssürat yaradıb. Onlar Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsinə – daşdan düzəldilmiş qoç heykəllərə, daş kitabələrə, müxtəlif daş fiqurlara, qəbirüstü sənduqələrə baxıb, maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumatlar əldə ediblər.
  Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatun türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. Bildirilib ki, türbə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin göstərişi ilə 1186-cı ildə tikilib. Həyat yoldaşı Möminə Xatunun məzarı üzərində ucaldılmış məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunub.
Keçidlər