Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon məktəbliləri Şahbuz rayonu ilə tanış olublar

27 mart 2018 | 20:00
  Martın 28-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının Sabunçu rayon iştirakçıları Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda olublar.
  Məktəblilər əvvəlcə “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətinə səfər ediblər. Bildirilib ki, 2009-cu il aprelin 27-də təsis edilən müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Şahbuz şəhərində yerləşən müəssisədə paketlənmiş dərman bitkiləri, çaylar və bəhməzlər istehsal olunur. Müəssisənin avadanlıqları Çin, İran və Almaniyadan gətirilib. Burada il ərzində 8 ton xammal toplanılaraq emal olunur və qablaşdırılır.
  Batabat Astrofizika Rəsədxanasına gələn məktəblilər səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinləyiblər. Dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Muxtar respublika ərazisinin astronomik şəraiti əlverişli, səması təmiz və şəffaf olduğundan bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini - planetləri, kometləri, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.
  Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başlayıb. Məktəblilərə məlumat verilib ki, muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, süsən və başqaları endemikdir. Qoruğun ərazisi geoloji cəhətdən Təbaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
  Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq da tur-aksiya iştirakçılarının marağına səbəb olub. Bildirilib ki, bu istirahət mərkəzi 3,5 hektar ərazisi olan iki yaşayış korpusundan və yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə 38 otaq mövcuddur. Burada yemək zalı, mətbəx, ilkin tibbi yardım və 6 iş otağı var.
  Şagirdlər Naxçıvan Dövlət Universiteti (NDU) ilə də yaxından tanış olublar. Konservatoriya binasında şagirdlərlə görüş zamanı universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağı barədə ətraflı məlumat verib.
  Bildirilib ki, universitetin 108 hektarlıq ərazisində 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi, universitet xəstəxanası, baytarlıq klinikası, olimpiya-idman mərkəzi, 2 stadion, müasirtipli tələbə evi yerləşir. Hazırda ali təhsil ocağında 12 fakültədə 57 ixtisas üzrə 6 minə yaxın tələbə təhsil alır. Bu gün dünyanın 12 ölkəsindən 350-dən çox xarici tələbə universitetdə təhsilini uğurla davam etdirir. Ali məktəb 80-dən çox tanınmış dünya universiteti ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi isə Azərbaycan ali məktəbləri üzrə ən irihəcmli layihədir. Ali təhsil ocağı Azərbaycanda elektron sənəd dövriyyəsinə və elektron idarəetmə sisteminə malik yeganə universitetdir.
  Məktəblilər Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə də olublar.
  Burada keçirilən görüşdə hərbi liseyin rəisi, general-mayor Elman Orucov çıxış edərək təhsil ocağı barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncama əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında formalaşdırılan xüsusi təyinatlı bu təhsil müəssisəsi hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədilə yaradılıb. Bu gün liseydə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir.
  “Ötən dövrdə məzun olan 2 mindən çox kursantdan hərbi liseyi qızıl və gümüş medallarla, eləcə də fərqlənmə attestatı ilə bitirənlər də az deyil. Məzunlardan 10 nəfəri Türkiyə Respublikasının, 24 nəfəri Rusiya Federasiyasının hərbi akademiyalarında, digərləri isə ölkəmizdə fəaliyyət göstərən müxtəlif təyinatlı ali hərbi məktəblərdə təhsillərini davam etdirirlər” - deyən Elman Orucov qeyd edib ki, hazırda liseydə 600-ə yaxın kursant təhsil alır. Onların təlim-tərbiyəsi ilə yüzdən çox müəllim, hərbi rəhbər-tərbiyəçi və zabit məşğul olur.
  Kursantların təhsilində hərbi hazırlığın xüsusi yer tutduğunu diqqətə çatdıran liseyin rəisi onların nəzəri bilikləri öyrənməklə yanaşı, taktiki təlimlərdə də iştirak etdiyini bildirib.
  Elman Orucov vurğulayıb ki, liseyin kursantları muxtar respublikada keçirilən fənn olimpiadaları və idman yarışlarında fəal iştirak edərək yüksək nəticələr qazanırlar. Azərbaycan Prezidentinin 2009-cu il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən, 2008-2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində Heydər Əliyev adına Hərbi Lisey müvəffəqiyyət əldə edib.
  Çıxışlardan sonra tur-aksiya iştirakçıları tədris korpusları və kursant yataqxanası ilə tanış olublar. Şagirdlər Heydər Əliyev adına Hərbi Liseydən zəngin təəssüratla ayrılıblar.
  Daha sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn məktəblilərə məlumat verilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında fəaliyyət göstərir. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində müasir tələblərə uyğun yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olurlar. Digər tərəfdən şaxtada oksigen və havanın temperaturu daim sabit qalır. Bu da astma, bronxit xəstələrinin sağalması prosesinin daha da sürətlənməsinə səbəb olur.
  Həmin gün axşam “Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən təşkil olunan konsert proqramı təqdim edilib.
Keçidlər