Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “21 fevral – Beynəlxalq Ana dili günü” münasibətilə tədbir keçirilmişdir

20 fevral 2019 | 20:00
21.02.2019-cu il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə“21 fevral – Beynəlxalq Ana dili günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon Gənclər və idman idarəsinin rəisi Rakif Əliyev,Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları,  Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi və 187 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti iştirak edirdilər.
İlk olaraq tədbir 187 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən “21 fevral – Beynəlxalq Ana dili günü” münasibətilə hazırlanan sərgiyə baxışla başlanıldı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir 187 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında bədii hissə ilə davam etdirildi.
Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Qeyd olundu ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Tarixin çətin sınaqlardan keçən Azərbaycan dilinin də dövlət dili statusuna yüksəlməsində Ulu öndərin əvəzsiz xidmətlərindən söz açan R.Fərəcova bu siyasi kursun ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Sonda çıxış edən Sabunçu Rayon  Gənclər və idman idarəsinin rəisi Rakif Əliyev və C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova bildirdilər ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Tədbirin sonunda qonaqlar məktəblilər ilə birlikdə xatirə şəkli çəkdirdilər.
Keçidlər