Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilmişdir

27 fevral 2019 | 20:00
28.02.2019-cu il tarixdə Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Maştağa qəsəbəsinin tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak edirdilər.
Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərləri və divar qəzetlərinə baxış ilə başlandı. Daha sonra məktəblilər gender əsaslı zorakılıq mövzusu ətrafında hazırladıqları videoçarx və səhnəcikləri nümayiş etdirdilər. Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova bildirdi ki, insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində gender əsaslı zorakılıq aktual məsələlərdən biridir. Gender zorakılığı nə coğrafi sərhəd, nə yaş həddi tanıyır və heç bir dini və ya etnik qrup bu problemdən sığortalanmayıb.
R.Fərəcova qeyd etdi ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin prioritetlərindəndir. R.Fərəcova vurğuladı ki, ölkədə məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, məişət zorakılığı qurbanlarının hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsi istiqamətində görülən işlər bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir. Lakin gənc nəsil arasında gender bərabərliyi təfəkkürünün zəif olması günümüzün reallığıdır. Bu isə öz növbəsində cəmiyyətimizin inkişafına mane olur. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun təşəbbüsü ilə gənc nəslin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı təşkil olunan “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihə müvafiq qurumlar tərəfindən də müsbət qarşılanmışdır.
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı dövlətimizdə gender bərabərliyinin təmini uğrunda həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı uğrunda hərəkatın genişlənməsi və gender probleminin həlli istiqamətində keçirilən silsilə tədbirlərdən söz açdılar.
Sonda “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olundular.
 
Keçidlər