Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici 11-ci tur-aksiya çərçivəsində naxçıvanlı məktəblilər Bakı Gənclər Mərkəzi ilə tanış olublar

16 mart 2019 | 20:00
  17.03.2019-cu il tarixdə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycan paytaxtında ekskursiyaya çıxan Naxçıvan Muxtar Respublikasından olan məktəblilər Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Bakı Gənclər Mərkəzi ilə tanış olublar.
  Mərkəzin direktoru Rəvanə Həşimova naxçıvanlı məktəblilərə burada yaradılan şərait barədə məlumat verib.
  Qeyd olunub ki, Bakı Gənclər Mərkəzi ötən il dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb. Mərkəz 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rəsmən fəaliyyətə başlayıb. Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa olunan Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir.
  Mərkəzdə ulu öndər Heydər Əliyevin mənalı həyatı və xalqımızın tarixində taleyüklü rol oynayan çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş muzey naxçıvanlı şagirdlərin böyük marağına səbəb olub. Burada Ulu Öndərimizin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar, sənədlər və digər eksponatlar dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin təbliğində mühüm rol oynayır.
  Sonra akt zalında Bakı Gənclər Mərkəzinin fəaliyyətinə dair təqdimat olub. Mərkəzin fəaliyyəti haqqında məktəblilərə məlumat verən direktor Rəvanə Həşimova bildirib ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasətinin uğurla davam və inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətində mühüm istiqamətlərdən birini tutur. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir.
  Bu baxımdan müasir Gənclər mərkəzlərinin inşası sübut edir ki, ölkəmizdə gənclər siyasətinin reallaşdırılması istiqamətində görülən çoxşaxəli tədbirlər ardıcıl xarakter daşıyır.
  Bildirilib ki, Bakı Gənclər Mərkəzi gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarının, fəallığının artırılması, şəbəkələşməsi, məşğulluqlarının təmin olunması məqsədilə bir sıra proqram, layihə və tədbirlər həyata keçirir. Mərkəz bu baxımdan fəaliyyətini karyera quruculuğu, layihələr məktəbi, təcrübə və təkmilləşdirmə, yerli və beynəlxalq proqramlar, təlim və görüşlər təşkil etmək istiqamətləri üzərində qurur.
  Bakı Gənclər Mərkəzi Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığının inkişafına da mühüm diqqət yetirərək onların dünyada, xüsusən Avropada gənclər sahəsində həyata keçirilən müxtəlif layihə və proqramlara cəlb olunmasına, eləcə də əcnəbi gənclərin ölkəmizdə müxtəlif tədbirlərdə və proqramlarda iştirakına çalışır. Bu və digər istiqamətlərdə beynəlxalq rəqabətə davamlı təlimçilərin yetişdirilməsinin zəruriliyi nəzərə alınaraq Mərkəz gənclərin fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə vahid təlimçi bazasının formalaşdırılmasını diqqət mərkəzində saxlayır. Mərkəz son illər ölkəmizdə sürətlə inkişaf edən könüllülük hərəkatının da inkişafına böyük önəm verir və bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir.
  Məlumat verilib ki, Mərkəzdə gənclərin inkişafı və asudə vaxtlarının səmərəli təşkili üçün virtual atıcılıq otağı, foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zalları yaradılıb. Burada, həmçinin kiçik konfrans zalı, gənclik kafesi, kompüter, xarici dil kursları, linqafon kabineti, şahmat otağı, virtual sinif var. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına verilib. Bundan başqa, burada nikah zalları da yaradılıb.
  Bakı Gənclər Mərkəzində yaradılan şərait, eləcə də Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı təqdimat Naxçıvan məktəblilərində unudulmaz təəssürat yaradıb.
  Sonda Naxçıvan Muxtar Respublikasının məktəbliləri adından Bakı Gənclər Mərkəzinə xatirə hədiyyəsi təqdim olunub.
  Məktəblilər ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önündə xatirə şəkli çəkdiriblər.
 
Keçidlər