Şriftin ölçüsü :

Saytın rəngi :

I rüb

  Hesabat dövründə Sabunçu rayonunda sosial-iqtisadi sahələrdə inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
  Belə ki, 2018-ci ilin birinci rübündə rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 122.5 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 6.6 faiz çoxdur. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 321.6 milyon manat olmuş, əhaliyə göstərilən pullu xidmətlər 2.7 faiz artaraq 33.5 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 11.7 faiz artaraq 60 milyon manat təşkil etmişdir.
  İlin əvvəlindən rayonun idarə və müəssisələrində, eləcə də özəl qurumlarda cəmi 5931 yeni iş yeri açılmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 2.3 faiz artaraq 473.9 manat, o cümlədən sənaye sahəsində çalışanların əmək haqqı 2.8 faiz artaraq 579 manat olmuşdur.
  Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsi tərəfindən ilin əvvəlindən 31082 nəfər pensiyaçıya xidmət göstərilmişdir. İş axtarmaq məqsədi ilə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1158 nəfərdən 504 nəfəri işlə təmin olunmuşdur.
  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarı ilə “Pilot layihə” çərçivəsində RİH-ə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər birinci rübdə də davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar tikilərək sakinlərin istifadəsinə verilmişdir. Hazırda Bakıxanov qəsəbəsi, Mehmandarov 17, 19 və Mədəniyyət küçəsi 28 ünvanlarında olan 2 və 3 mərtəbəli, çoxmənzilli binaların yerində müasir, çoxmərtəbəli yaşayış binalarının tikintisi yekunlaşmaq üzrədir. O da qeyd edilməlidir ki, sökülən binalarda yaşamış sakinlərin hamısı, qarşılıqlı razılıq əsasında, yeni binaya köçənədək kirayə mənzillərlə təmin edilmişdir.
  Eyni zamanda, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 12, Ərəblinski 14, 14a, 16, 18, 18a, Nazim İsmayılov 70, 72, 74 və Ramiz Qəmbərov 19 və 21 ünvanlarındakı istismar müddətini keçmiş və ümumilikdə 157 ailənin yaşadığı qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektlərinin sökülərək yerində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisinə də hazırlıq işləri görülür. Sabunçu qəsəbəsi, Xəstəxanayanı və Əsədullayev küçələrindəki köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.
  Bunlardan başqa birinci rübdə rayonda bir sıra sosial obyektlərin tikintisi, o cümlədən Maştağa qəsəbəsi “Savalan” adlandırılan yaşayış massivində Heydər Əliyev Fondunun dəstəyi ilə 960 şagird - yerlik məktəb binasının, Nardaran qəsəbəsində müasir tipli mədrəsənin və Bakı keramika və tətbiqi sənət Mərkəzi üçün binanın tikintisi davam etdirilmişdir. Maştağa qəsəbəsindəki 9 №-li uşaq bağçasının tikintisi isə başa çatdırılaraq istifadəyə verilmişdir.
  Cari ilin əvvəlindən rayonun mərkəzi küçə və yollarında, məhəllədaxili ərazilərdə abadlıq işləri davam etdirilmişdir. Beləki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi – 1A, 1B, 1V, məhəllə 40/90, ev 216 ünvanlarında nümunəvi həyətlər salınaraq sakinlərin istifadəsinə verilmişdir. Hazırda qəsəbənin N. İsmayılov 1,3,4, Y. Əliyev 22, 24, 22 A, 24 A və Xasməmmədov küçəsi-5 ünvanlarında nümunəvi həyətlərin salınması üzrə son tamamlanma işləri aparılır. Çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində abadlıq işləri ilə yanaşı, həmin ərazilərdə 18.5 min kv.m. asfalt örtüyü vurulmuş, 5000 metr səki daşı-bardür düzülmüş, hər həyətdə 9-10 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmış, onlarla günlük və oturacaqlar qoyulmuşdur. Bu və ya digər sahələrdə yaşıl ot örtüklərinin salınması, həmişəyaşıl ağac, kol və güllərin əkilməsi işləri davam etdirilmişdir. İlin əvvəlindən “Azəravtoyol” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 113 min kv.m.-ə yaxın yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.     Rayonun mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə ciddi nöqsanlara yol verilməmişdir.
  Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır.
  Hesabat dövründə rayonun bütün qəsəbələrində sakinlərlə müntəzəm səyyari görüşlər keçirilmiş və onları narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.
  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə verdiyi tapşırığa əsasən 12 fevral 2018- ci il tarixdən sakinlərin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası təşkil olunub. Görülmüş tədbirlər əsasında rayonda əhalinin tibbi müayinədən keçirilməsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada təşkil edilmişdir. İndiyədək bu tədbir çərçivəsində rayonun 10 yaşayış məntəqəsi üzrə nəzərdə tutulan 243015 nəfərdən 90716 nəfərinin tibbi müayinədən keçməsi təmin edilmişdir. Nəticədə 8300 nəfərə yaxın sakin ambulator və sanitar müalicəyə cəlb edilmiş, 10 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılmışdır.
  Möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində 23 mart 2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində 9-cu tur aksiyanın təntənəli açılış mərasimi keçirilmiş, 30 nəfər gəncdən ibarət heyət Naxçıvan Muxtar Respublikasına yola salınmışdır. Məktəblilərimiz martın 30-dək Naxçıvanın tarixi və mədəniyyət obyektləri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olmuşlar.
  2018-ci ilin birinci rübündə İcra Hakimiyyəti aparatına ümumilikdə 2117 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 18.7 faiz (334 sənəd) çoxdur. O da qeyd edilməlidir ki, birinci rübdə daxil olmuş 1499 ərizə və şikayətlərin 492-si və ya 38.8 faizi şəhərsalma və tikinti məsələləri ilə bağlı olmuşdur. Bu bənd üzrə qeyd olunan həmin ərizə və şikayətlərin 433-ü və ya 88 faizi yaşayış evlərinin tikintisi, əsasən də Ramana, Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı və digər qəsəbələrin inzibati ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Respublikanın müxtəlif bölgələrindən olan vətəndaşlar tərəfindən aparılan qanunsuz tikililərlə bağlıdır.
  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 130 nəfər qəbul edilmiş, keçirilmiş səyyari görüşlərdə 1400 nəfərdən çox vətəndaş iştirak edərək 60-a yaxın məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməklik göstərilmiş, izahatlar verilmişdir.
  Bundan başqa “20 Yanvar - hüzn günü”, “Xocalı soyqırımı”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz”, “Ramazan bayramları, və digər əlamətdar günlər münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
  Rayon İcra Hakimiyyəti 2018-ci ilin birinci rübündə fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.

 

Keçidlər