Şriftin ölçüsü :

Saytın rəngi :

II rüb

  Hesabat dövründə Sabunçu rayonunda sosial-iqtisadi sahələrdə inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
  Beləki, 2018-ci ilin birinci yarısında rayonun sənaye müəssisələri və idarələri tərəfindən 274 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü müqayisədə 37,9 faiz çoxdur. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 2017-ci ilin altı ayı ilə müqayisədə 1,3 faiz artaraq 1,31 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər 9,6 faiz artaraq 220 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 96,6 faiz artaraq 186,3 milyon manat təşkil etmişdir.
  2018-ci ilin əvvəlindən rayonun idarə və müəssisələri, eləcə də özəl qurumlarda 1730 yeni iş yeri açılmışdır ki, onların 1729-u daimi iş yerləridir. Bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı 2,3 faiz artaraq 493 manat, o cümlədən sənaye müəssisələrində 8,3 faiz artaraq 654,7 manat olmuşdur.
  Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsi tərəfindən ilin əvvəlindən 31110 nəfər pensiyaçıya xidmət göstərilmişdir. İş axtarmaq məqsədi ilə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 2001 nəfərdən 815 nəfəri işlə təmin olunmuşdur.
  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarı ilə “Pilot layihə” çərçivəsində RİH-ə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər ilin birinci yarısında da davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar tikilərək sakinlərin istifadəsinə verilmişdir. Hazırda Bakıxanov qəsəbəsi, Mehmandarov 17, 19 və Mədəniyyət küçəsi 28 ünvanlarında olan 2 və 3 mərtəbəli, çoxmənzilli binaların yerində müasir, çoxmərtəbəli yaşayış binalarının tikintisi yekunlaşmışdır, tamamlama işləri aparılır. O da qeyd edilməlidir ki, sökülən binalarda yaşamış sakinlərin hamısı, qarşılıqlı razılıq əsasında, yeni binaya köçənədək kirayə mənzillərlə təmin edilmişdir.
  Eyni zamanda, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 12, Ərəblinski 14, 16, 18, 18a, Nazim İsmayılov 70, 72, 74 ünvanlardakı istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektlərinin sökülərək oradakı ailələr kirayə mənzillərlə təmin edilmişdir. Ərərblinski-1 və Aşıq Alı 9 ünvanlardakı binalardan isə sakinlər köçürülərək binaların sökülməsinə hazırlıq görülür. Sabunçu qəsəbəsi, Xəstəxanayanı və Əsədullayev küçələrindəki köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.
  Bunlardan başqa ilin birinci yarısında rayonda bir sıra sosial obyektlərin tikintisi, o cümlədən Maştağa qəsəbəsi “Savalan” adlandırılan yaşayış massivində Heydər Əliyev Fondunun dəstəyi ilə 960 şagird - yerlik məktəb binasının tikintisi başa çatdırılmışdır və hazırda tamamlama işləri aparılır. Nardaran qəsəbəsində Bakı keramika və tətbiqi sənət Mərkəzi üçün binanın tikintisi başa çatdırılmış, müasir tipli Mədrəsə binasında isə artıq tamamlama işləri aparılır. Qəsəbədə Xalça emalatxanasının tikintisinə maliyyə vəsaiti ayrılmışdır və burada da tikintiyə hazırlıq görülür. Maştağa qəsəbəsindəki 9 №-li uşaq bağçasının tikintisi isə başa çatdırılaraq istifadəyə verilmişdir.
  Cari ilin əvvəlindən rayonun mərkəzi küçə və yollarında, məhəllədaxili ərazilərdə abadlıq işləri davam etdirilmişdir. Beləki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi – 1A, 1B, 1V, məhəllə 40/90, ev 216, N. İsmayılov 1,3,4, məhəllə 4090/94, ev 112, Y. Əliyev 22, 24, 22 A, 24 A və Xasməmmədov küçəsi - 5 ünvanlarında nümunəvi həyətlər salınmışdır. Çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində abadlıq işləri ilə yanaşı, həmin ərazilərdə 18.5 min kv.m. asfalt örtüyü vurulmuş, 5000 metr səki daşı-bardür düzülmüş, hər həyətdə 9-10 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmış, onlarla günlük və oturacaqlar qoyulmuşdur. Bu və ya digər sahələrdə yaşıl ot örtüklərinin salınması, həmişəyaşıl ağac, kol və güllərin əkilməsi işləri davam etdirilmişdir. İlin əvvəlindən “Azəravtoyol” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 160 min kv.m.-ə yaxın yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir. Rayonun mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə ciddi nöqsanlara yol verilməmişdir. Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır. Hesabat dövründə rayonun bütün qəsəbələrində sakinlərlə müntəzəm səyyari görüşlər keçirilmiş və onları narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.
  İlin əvvəlindən rayonda bir sıra sosial əhəmiyyətli tədbirlər, ətraf mühitin mühafizəsi, sağlamlıq üzrə aksiyalar, səyahət və görüşlər təşkil edilmişdir.
  Belə ki, 05 fevral 2018-ci il tarixində Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə, Ramana qəsəbəsi Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin sərgi-satış yarmarkası təşkil edilmişdir.
  Respublika Prezidenti cənab İlham Əliyevin 2018-ci il fevral ayının 12-dən may ayının 12-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırığın icrası ilə bağlı Sabunçu rayonunda da müvafiq tədbirlər keçirilmişdir. Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada keçirilmişdir. Aksiya çərçivəsində rayonun 10 yaşayış məntəqəsi üzrə nəzərdə tutulan 243015 nəfərdən 148212 nəfərinin tibbi müayinədən keçməsi təmin edilmişdir. Onlardan 11602 nəfər ambulator, 511 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir.
  Rayon İcra Hakimiyyəti başçısının “Xocalı soyqırımı”-nın növbəti ildönümünün keçirilməsi ilə bağlı təsdiq etdiyi tədbirlər planına əsasən qəsəbələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərində, bağçalarda, müəssisələrdə tədbirlər keçirilmişdir.
24 fevral 2018-ci il tarixdə Pirşağı qəsəbəsinin “Qızıl qum” sanatoriyasında müvəqqəti məskunlaşmış Xocalı sakinlərinə “Miracle” ailəvi istirahət mərkəzində ehsan süfrəsi təşkil olunmuş, 26 fevral 2018-ci il tarixində isə rayon ictimaiyyətinin Xətai rayonunda yerləşən Xocalı faciəsində həlak olanların xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət təşkil edilmişdir.
  Həmçinin, “Xocalıya ədalət!” Beynəlxalq məlumatlandırma kompaniyası çərçivəsində 26.02.2018-ci il tarixində “İDEA” İctimai Birliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi Bünyatov küçəsində ağacəkmə aksiyası keçirilmişdir.
  02 mart 2018-ci il tarixində 5 Mart - Beynəlxalq İdman günü ilə əlaqədar Balaxanı İdman Sağlamlıq Mərkəzində rayon Cüdo üzrə açıq birincilik yarışması keçirilmişdir.
  Bakı Şəhər İcra Hakimiyyətinin 19 fevral 2018-ci il tarixli, 78 saylı “Bakı şəhərində İlaxır çərşənbə günü – Novruz bayramı münasibəti ilə tədbirlərin keçirilməsi haqqında “ sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimyyəti başçısı Aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 06 mart 2018-ci il tarixdə Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbdə Zabrat-Pirşağı-Kürdəxanı qəsəblərinin sakinləri, 13 mart 2018-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin həyətində Bilgəh qəsəbə sakinləri, 20 mart 2017-ci il tarixdə Ramana qəsəbəsində yerləşən Ramana qalasında Bakıxanov-Sabunçu-Balaxanı-Ramana qəsəblərinin sakinləri üçün “İlaxır Çərşənbəsi” təntənəli şəkildə qeyd olunmuşdur.
  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında respublikamızın ayrı-ayrı bölgələri ilə daha yaxından tanış olmaq məqsədi ilə 23 mart 2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində Naxçıvan Muxtar Respublikasına səfər edən Sabunçu rayon məktəbliləri ilə görüş keçirilmişdir. 26 mart 2018-ci il tarixdə Sabunçu məktəbliləri “Ölkəmizi Tanıyaq” maarifləndirici IX tur-aksiya çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava limanında təntənəli şəkildə Naxçıvan Muxtar Respublikasına yola salınmışdır. Məktəblilərimiz martın 30-dək Naxçıvanın tarixi və mədəniyyət obyektləri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olmuşlar.
  Bundan başqa “20 Yanvar hüzn günü”, “Azərbaycanlıların soyqırımı günü”, “Ramazan” bayramı, “Faşizm üzərində qələbə günü”, “Respublika günü”, “Milli Qurtuluş günü” və digər əlamətdar günlər münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
  2018-ci ilin birinci yarısında İcra Hakimiyyəti aparatına ümumilikdə 4363 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 12,4 faiz (482 sənəd) çoxdur. O da qeyd edilməlidir ki, altı ayda daxil olmuş 3146 ərizə və şikayətlərin 1086-sı və ya 34,5 faizi şəhərsalma və tikinti məsələləri ilə bağlı olmuşdur. Bu bənd üzrə qeyd olunan həmin ərizə və şikayətlərin 941-i və ya 86,7 faizi yaşayış evlərinin tikintisi, əsasən də Ramana, Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı və digər qəsəbələrin inzibati ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Respublikanın müxtəlif bölgələrindən olan vətəndaşlar tərəfindən aparılan qanunsuz tikililərlə bağlıdır.
  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 320 nəfər qəbul edilmiş, keçirilmiş 18 səyyari görüşlərdə 3000 nəfərə yaxın vətəndaş iştirak edərək onlardan 177 nəfəri müxtəlif təkliflərlə çıxış etmiş, 92 məsələ qaldırılmışlar. Bütün hallarda vətəndaşların müraciət və təkliflərinə, ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməklik göstərilmiş, izahatlar verilmişdir.
  Rayon İcra Hakimiyyəti 2018-ci ilin birinci yarısında fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq, rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Keçidlər