Şriftin ölçüsü :

Saytın rəngi :

III rüb

   Hesabat dövründə Sabunçu rayonunda sosial-iqtisadi sahələrdə inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
  Beləki, 2018-ci ilin doqquz ayında rayonun sənaye müəssisələri və idarələri tərəfindən 391 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.04 faiz çoxdur. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 2017-ci ilin doqquz ayı ilə müqayisədə 6.1 faiz artaraq 1,97 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər 87.1 faiz artaraq 304 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 85.3  faiz artaraq 265 milyon manat təşkil etmişdir.
   2018-ci ilin əvvəlindən rayonun idarə və müəssisələri, eləcə də özəl qurumlarda 2948 yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi iş yerləridir. Bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı 2.6 faiz artaraq 499 manat olmuşdur.
   Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsi tərəfindən ilin əvvəlindən 30770 nəfər pensiyaçıya xidmət göstərilmişdir. İş axtarmaq məqsədi ilə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 2620 nəfərdən 1071 nəfəri işlə təmin olunmuşdur.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarı ilə “Pilot layihə” çərçivəsində RİH-ə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər ilin doqquz ayında da davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar tikilərək sakinlərin istifadəsinə verilmişdir. Hazırda Bakıxanov qəsəbəsi, Mehmandarov 17, 19 və Mədəniyyət küçəsi 28 ünvanlarında olan 2 və 3 mərtəbəli, çoxmənzilli binaların yerində müasir, çoxmərtəbəli yaşayış binalarının tikintisi yekunlaşmışdır, tamamlama işləri aparılır. O da qeyd edilməlidir ki, sökülən binalarda yaşamış sakinlərin hamısı, qarşılıqlı razılıq əsasında, yeni binaya köçənədək kirayə mənzillərlə təmin edilmişdir.
   Eyni zamanda, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 12, Ərəblinski 14, 16, 18, Nazim İsmayılov 70, 72, 72a, 74, Ərəblinski-1 və Aşıq Alı 9  ünvanlardakı istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektlərinin sökülərək oradakı ailələr kirayə mənzillərlə təmin edilmişdir. Sabunçu qəsəbəsi, Xəstəxanayanı və Əsədullayev küçələrindəki köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.
   Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” 23 may 2018-ci il tarixli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir və bərpa olunmuş Maştağa qəsəbəsi 187 nömrəli, Zabrat qəsəbəsi 192 nömrəli və Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəblərin 13.09.2018-ci il tarixində və Maştağa qəsəbəsi Savalan adlanan yaşayış sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunmuş 960 şagird yerlik tam orta məktəbin 14.09.2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.
   Bununla yanaşı, həmin Sərəncamla əsaslı təmir və bərpa olunmuş Ramana qəsəbəsi 78 və 198 nömrəli tam orta məktəblər və Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunmuş Bakıxanov qəsəbəsi 310 nömrəli tam orta məktəb yeni dərs ilində şagirdlərin istifadəsinə verilmişdir.
   Təhsil Nazirliyi tərəfindən 2018-ci ilin iyun ayından Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli Sanatoriya tipli İnternat məktəbində başlanılmış əsaslı təmir və bərpa işləri davam etdirilir.
   06 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Maştağa qəsəbəsində yerləşən 120 yerlik 9 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir-bərpadan sonra açılış mərasimi keçirilmişdir. Nardaran qəsəbəsində Bakı keramika və tətbiqi sənət Mərkəzi üçün binanın tikintisi başa çatdırılmış, müasir tipli Mədrəsə binasında tamamlama işləri aparılır. Qəsəbədə Xalça emalatxanasının tikintisi isə davam etdirilir.
   Cari ilin əvvəlindən rayonun mərkəzi küçə və yollarında, məhəllədaxili ərazilərdə abadlıq işləri davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi – 1A, 1B, 1V, məhəllə 4090/94 ev 2/6, N. İsmayılov 1,3,4, məhəllə 4090/94, ev 112, Y. Əliyev 22, 24, 22 A, 24 A və Xasməmmədov küçəsi - 5 ünvanlarında nümunəvi həyətlər salınmışdır. Hal-hazırda Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi ev 24,26,30; keçid 938 ev 32; Sülh küçəsi ev 3,5 ünvanlarında bu kimi abadlıq işləri davam etdirilir. Çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində abadlıq işləri ilə yanaşı, həmin ərazilərdə 27.5 min kv.m. asfalt örtüyü vurulmuş, 7300 metr səki daşı-bardür düzülmüş, hər həyətdə 9-10 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmış, onlarla günlük və oturacaqlar qoyulmuşdur. Bu və ya digər sahələrdə yaşıl ot örtüklərinin salınması, həmişəyaşıl ağac, kol və güllərin əkilməsi işləri davam etdirilmişdir. İlin əvvəlindən “Azəravtoyol” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 200 min kv.m.-dən çox yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
Rayonun mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə nöqsanlara yol verilməmişdir.
   Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır
   Hesabat dövründə rayonun bütün qəsəbələrində sakinlərlə müntəzəm səyyari görüşlər keçirilmiş və onları narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.
   İlin əvvəlindən rayonda bir sıra sosial əhəmiyyətli tədbirlər, ətraf mühitin mühafizəsi, sağlamlıq üzrə aksiyalar, səyahət və görüşlər təşkil edilmişdir.
   Beləki, 05 fevral 2018-ci il tarixində Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə, Ramana qəsəbəsi Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin sərgi-satış yarmarkası təşkil edilmişdir.
  Respublika Prezidenti cənab İlham Əliyevin 2018-ci il fevral ayının 12-dən may ayının 12-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırığın icrası ilə bağlı Sabunçu rayonunda da müvafiq tədbirlər keçirilmişdir. Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada keçirilmişdir. Aksiya çərçivəsində rayonun 10 yaşayış məntəqəsi üzrə nəzərdə tutulan 243015 nəfərdən 148212 nəfərinin tibbi müayinədən keçməsi təmin edilmişdir. Onlardan 11602 nəfər ambulator, 511 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir.
  Rayon İcra Hakimiyyəti başçısının “Xocalı soyqırımı”-nın növbəti ildönümünün keçirilməsi ilə bağlı təsdiq etdiyi tədbirlər planına əsasən qəsəbələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərində, bağçalarda, müəssisələrdə tədbirlər keçirilmişdir.
   24 fevral 2018-ci il tarixdə Pirşağı qəsəbəsinin “Qızıl qum” sanatoriyasında müvəqqəti məskunlaşmış Xocalı sakinlərinə “Miracle” ailəvi istirahət mərkəzində ehsan süfrəsi təşkil olunmuş, 26 fevral 2018-ci il tarixində isə rayon ictimaiyyətinin Xətai rayonunda yerləşən Xocalı faciəsində həlak olanların xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət təşkil edilmişdir.
   Həmçinin, “Xocalıya ədalət!” Beynəlxalq məlumatlandırma kompaniyası çərçivəsində 26.02.2018-ci il tarixində “İDEA” İctimai Birliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi Bünyatov küçəsində ağacəkmə aksiyası keçirilmişdir.
   02 mart 2018-ci il tarixində 5 Mart - Beynəlxalq İdman günü ilə əlaqədar Balaxanı İdman Sağlamlıq Mərkəzində rayon Cüdo üzrə açıq birincilik yarışması keçirilmişdir.
  Bakı Şəhər İcra Hakimiyyətinin 19 fevral 2018-ci il tarixli, 78 saylı “Bakı şəhərində İlaxır çərşənbə günü – Novruz bayramı münasibəti ilə tədbirlərin keçirilməsi haqqında “ sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimyyəti başçısı Aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 06 mart 2018-ci il tarixdə Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbdə Zabrat-Pirşağı-Kürdəxanı qəsəblərinin sakinləri, 13 mart 2018-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin həyətində Bilgəh qəsəbə sakinləri, 20 mart 2018-ci il tarixdə Ramana qəsəbəsində yerləşən Ramana qalasında Sabunçu-Balaxanı-Ramana-Pirşağı-Nardaran qəsəblərinin sakinləri üçün “İlaxır Çərşənbəsi” təntənəli şəkildə qeyd olunmuşdur.
   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında respublikamızın ayrı-ayrı bölgələri ilə daha yaxından tanış olmaq məqsədi ilə 23 mart 2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində Naxçıvan Muxtar Respublikasına səfər edən Sabunçu rayon məktəbliləri ilə görüş keçirilmişdir. 26 mart 2018-ci il tarixdə Sabunçu məktəbliləri “Ölkəmizi Tanıyaq” maarifləndirici IX tur-aksiya çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava limanında təntənəli şəkildə Naxçıvan Muxtar Respublikasına yola salınmışdır. Məktəblilərimiz martın 30-dək Naxçıvanın tarixi və mədəniyyət obyektləri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olmuşlar.
Bundan başqa “20 Yanvar hüzn günü”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz”, “Ramazan” bayramları, “Respublika günü”, “Milli Qurtuluş günü”, “Milli Dirçəliş günü” və digər əlamətdar günlər münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
   2018-ci ilin doqquz ayı ərzində İcra Hakimiyyəti aparatına ümumilikdə 6241 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da ötən ilin doqquz ayı ilə müqayisədə 7 faiz (462 sənəd) çoxdur.
   Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 410 nəfər qəbul edilmiş, keçirilmiş 25 səyyari görüşlərdə 4200 nəfərə yaxın vətəndaş iştirak edərək onlardan 214 nəfəri müxtəlif təkliflərlə çıxış etmiş, 100-dən çox məsələ qaldırılmışlar. Bütün hallarda vətəndaşların müraciət və təkliflərinə, ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməklik göstərilmiş, izahatlar verilmişdir.
  Rayon İcra Hakimiyyəti 2018-ci ilin doqquz ayında fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Keçidlər