Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Sabunçu rayon təşkilatının yaradılmasının 31 illiyi qeyd edilib

06 mart 2024 | 18:05
     Martın 6-da Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının yaradılmasının 31 illiyi qeyd edilib. 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən 32 ildə çətin və şərəfli yol keçib. Bu gün YAP ənənələri olan partiya, nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. Araz Xudadanov qeyd etdi ki, 32 ilin uğurları həm Azərbaycanın möhkəm təməl üzərində inamla irəlilədiyini, həm də Yeni Azərbayan Partiyasının zəngin bir yol keçdiyini nümayiş etdirir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən tarixi qərarlar isə ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunun nümayişi, eyni zamanda, ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu.
     Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov bildirdi ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir. O qeyd etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
     Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov bildirdi ki, YAP tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiyadır. Çünki bu partiyanın yaradıcısı zəngin idarəçilik təcrübəsinə malik olan ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev son 20 ilə yaxın müddət ərzində Azərbaycana ən yüksək zirvələri fəth etdirir.
     Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru Vidadi Orucov vurğuladı ki, ulu öndər Heydər Əliyev daim bu çağırışı diqqətə çatdırırdı ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Bu gün partiyanın sıralarında birləşən insanlar ulu öndər Heydər Əliyevin ideyalarının, onun layiqli davamçısı partiyanın Sədri İlham Əliyevin uğurlu siyasətinin təbliğatçısı olmaqdan qürur duyur. Üç ildən artıqdır ki, bütün tarixi günləri, əlamətdar hadisələri Zəfər ruhunda qeyd edirik. Bu əlamətdar gündə Azərbaycanın, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs etmək hər birimiz üçün sevinclidir.
     Gənc partiya fəalı Fatimə Rəsulova bildiridi ki, partiya zamanın tələbi ilə yaradıldı və özünə olan etimadı yüksək səviyyədə doğrultdu. Bu gün partiyanın sıralarında birləşən üzvlərin böyük əksəriyyəti gənclərdir. Gənclərimiz partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər. Ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz gənclərə bu gün nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyətin bu tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu gün tarixi Zəfərimizin qəhrəmanlarından bəhs edərkən gənclərimizin Vətən, torpaq sevgisini böyük qürurla qeyd edirik.
Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatının yaradılmasının 31 illiyi münasibətilə bir qrup təşkilat üzvünə Fəxri fərman, diplom və yubiley hədiyyələri təqdim edildi.
     Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatdı.
Keçidlər