Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib

18 noyabr 2019 | 20:00
   Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılışda iştirak edib.
   Dövlətimizin başçısı Pirşağı stansiyasında Sabunçu-Pirşağı xəttinin rəmzi açılışını bildirən lenti kəsdi və stansiya ilə tanış oldu.
   “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verdi.
   Bildirildi ki, Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var. Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 191,6 kilometrdir. Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub.
   Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Zabrat-2 stansiyasına yola düşdü.
   Prezident İlham Əliyev Zabrat-2 stansiyasına gəldi. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb.
   Sonra dövlətimizin başçısı Zabrat-2 stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşdü.
   Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial məsələlərinin həlli dayanır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində icra olunan layihələr ardıcıl və davamlı xarakter daşıyır. Bu layihələr sırasında ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi diqqət yetirilir. Görülən işlər nəticəsində Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu yaradılıb. Bu da vətəndaşların rahatlığına hərtərəfli imkan yaradır. Bu baxımdan Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük rol oynayır. Paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlər rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və mənzil başına çata biləcəklər. Layihənin icrası paytaxtda tıxacların qarşısının alınmasına, hərəkətin təhlükəsizliyinin və intensivliyinin təmin olunmasına, həmçinin ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verir.
 
Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1421975324632100
 
Keçidlər