Sabunçu rayonunun bütün qəsəbələrində təntənəli Novruz şənlikləri keçirilmişdir
17 mart 2014-cü il tarixdə Novruz bayramı ilə bağlı rayonda keçirilən tədbirlər çərçivəsində rayonun Bilgəh və Bakıxanov qəsəbələrində təntənəli bayram tədbirləri keçirilmişdir. Hər bir qəsəbədə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev iştirak edərək qəsəbə sakinləri ilə görüş keçirmiş və onları bayram münasibətilə təbrik etmişdir. Bayram tədbirləri keçirilən ərazilər gözəl bəzədilmiş, orada bayram süfrələri təşkil olunmuş , tonqallar yandırılmışdır. Qəsəbə Mədəniyyət Evlərinin özfəaliyyət qruplarının çıxışı tədbir iştirakçılarının bayram ovqatını daha da artırdı. Tədbirlərdə iştirak edən qəsəbə ağsaqqalları və sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkənin rəhbəri İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirdilər. Bayram şənliklərinin sonunda qəsəbənin aztəminatlı, şəhid və qaçqın ailələrinə bayram sovqatları paylanıldı.
18 mart 2014-cü il tarixdə qədim tarixi və ənənələri olan Maştağa qəsəbəsində qəsəbə nümayəndəliyinin təşkilatçılığı ilə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət və istirahət parkında Sabunçu rayon İcra Hakimiyyəti başçısı və müavinlərin, YAP Sabunçu rayon təşkilatının sədri, deputatlar və hüquq-mühafizə orqanlarının nümayəndələrinin, qəsəbə sakinləri, bələdiyyə üzvləri, ağsaqqalların iştirakı ilə böyük bayram tədbiri keçirilmişdir.
Parkın ərazisində bayram süfrələri açılmış, xonçalar qoyulmuş, bayram tonqalı yandırılmışdır. Bayram tədbirində çıxış edən SRİH Başçısı cənab Adil Vəliyev qəsəbə sakinlərini bayram münasibətilə təbrik etmiş, onlara xöşbəxtlik, səadət və ailələrinə ruzi-bərəkət arzulamışdır.
Rayonun 10 saylı musiqi məktəbinin xalq çalğı alətləri ansamblı və ansamblın solistləri öz ifaları ilə tədbiri daha şən etmişdir. Kosa və keçəlin, müğənnilərin çıxışları tədbiri daha da şənləndirmişdir. Tədbirin sonunda qəsəbənin aztəminatlı, şəhid və qaçqın ailələrinə bayram sovqatları paylanıldı.