Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ailədaxili münasibətlərin sosial rollara təsiri və müsbət valideynlik” mövzusunda seminar keçirilib

27 noyabr 2019 | 20:00
   28.11.2019-cu il tarixdə Ailə, Qadın  və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Gənclər Evində “Ailədaxili münasibətlərin sosial rollara təsiri və müsbət valideynlik” mövzusunda seminar  keçirilib.
   Seminarda bildirilib ki, ailə - nikah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır. İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Nikah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailəyə kiçik sosial qrup kimi də baxmaq olar. Ailənin mahiyyəti onun quruluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.
   Qeyd edilib ki, ailə tərbiyəsi geniş imkanlara malikdir. O, ünsiyyət, əmək və şəxsi nümunə, davranışın qiymətləndirilməsi, mükafatlandırma və cəzalandırma kimi təsir formalarından istifadə edir. Ailə ünsiyyəti uşaqların intellektual qabiliyyətinin stimullaşdırılmasında böyük rol oynayır. Sosioloji tədqiqat göstərir ki ailə tərbiyəsinin səmərəliliyi onun tərkibindən (bütöv və ya yarımçıq olmasından), mənəvi-psixoloji iqlimindən, sosial istiqamətindən, valideynlərin şəxsi nümunəsi və nüfuzundan, onların ümumi və pedoqoji mədəniyyətindən, uşaqlarla ünsiyyətin xarakterindən asılıdır.
   Ən qədim ictimai institutlardan biri olan ailə cəmiyyətin özəyi sayılır. Cəmiyyətin bir çox ənənələrini qoruyub yaşadan ailə dəyərləri illər keçdikcə öz əhəmiyyətini, tarixiliyini itirmir, əksinə daha da inkişaf edir və formalaşır.  Məlumat verilib ki, ölkəmizdə ailə, qadın və uşaq problemləri ilə bağlı məsələlərin həlli istiqamətində fəal siyasət həyata keçirilir.
   Seminarlarda həmçinin valideynlərin uşağın qayğısına qalması, qorunması, təhsili, psixi sağlamlığının qorunması, səmərəli vaxt keçirmək, uşağın həyatı və gələcəyi barədə düzgün qərarlar almaq, uşaqla sağlam ünsiyyət qurmaq, mənəvi cəhətdən dayaq olmaq, uşağın məsrəflərini təmin etmək və mənsuliyyətləri tanımaq haqqında müzakirələr aparılıb. Tövsiyə edilib ki, uşağla söhbət etmək üçün hər gün mütləq vaxt ayırmaq, söyləmək istədiyi bir şey olduğu zaman onu heç vaxt ertələməmək, uşağı dinləyərkən başqa işlərlə məşğul olmamaq, danışdığı vaxt gözlərinin içinə  baxaraq bədən dili mesajlarına diqqət etmək və aktiv bir dinləyici olmaq lazımdır. Diqqət ediləsi məqamlardan danışılaraq bildirilib ki, ata – ana uşaqlarla bağlı qərarları birlikdə verməli, bir-birlərinin valideynlik hüquqlarına hörmətlə yanaşmalı, uşaqlara göstərilən valideynlik münasibətində həmfikir olmaqla hər bir hərəkət ilə uşağa nümunə olmalıdırlar.
   Seminar müzakirələrlə davam edilib.
 
 
Keçidlər