Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə tədbir keçirildi

09 dekabr 2019 | 20:00
   Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin ölkə ofisinin birgə təşkilatçılığı ilə 10.12.2019-cu il tarixdə Sabunçu rayonunda yerləşən Sabunçu Gənclər Evində “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
   Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və müxtəlif qurumların rəhbər və məsul şəxsləri iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə iştirakçıları təbrik edib, bu əlamətdar günün əhəmiyyəti barədə ətraflı məlumat verib.
   Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu il BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Mişel Baçeletin “Gənclər - insan hüquqlarının müdafiəsində fəal ol” çağırışı cəmiyyətimizin fəal üzvlərindən olan gənclərimizin insan hüquq və azadlıqlarının müdafiəsi işində daha da yaxından iştirak etməsini özündə ehtiva edir.
   Müvəkkil gənclərin hüquqi cəhətdən maarifləndirilməsinin, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin insan hüquq və azadlıqlarının müdafiəsini daha da səmərəli təmin etmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, əhalinin müxtəlif sosial qruplarının, o cümlədən yetkinlik yaşına çatmayanların, əlilliyi olan şəxslərin, gənclərin hüquqlarının daha da səmərəli təmini istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığının əhəmiyyətini önə çəkib.
   Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən söz açıblar.
   Tədbirdə Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri elan olunub və mükafatlandırılıblar.
   Jurnalistlər Hakıyeva Səadət (Azərbaycan Dövlət İnformasiya Agentliyi), Əfəndiyev Pünhan (“Üç nöqtə” qəzeti) I yerə, Əliyev Seymur (Moderator.az saytı), Əliyev Azad (“Həftə içi” qəzeti) II yerə, Nəbili Emin (Ucnoqta.az saytı) və Əlifov Nazim (“Savalan” qəzeti) III yerə layiq görülərək sertifikatlarla təltif olunublar.
   Qeyd edək ki, builki uşaq rəsm müsabiqəsinə Bakıdan və regionlardan olmaqla 333 uşağın 350-dən çox rəsm işi təqdim olunub və peşəkar rəssam tərəfindən qiymətləndirilib.
   Rəsm müsabiqəsinə qoşulmuş, Bakının və respublikamızın müxtəlif rayonlarını təmsil edən uşaqlar Aslanova Sofiya, Əliyeva Zəhra I, Zalova Leysan, Zeynallı Aynur II, Ələkbərov Fuad və Kərimli Yusif III yerləri tutublar, onlara sertifikatlar və pul mükafatları təqdim edilib. Rəsmləri fərqləndirilən 20 məktəbli isə həvəsləndirici sertifikatlarla təltif olunublar. Qaliblər sırasında məcburi köçkün ailələrindən olan, paytaxt və bölgələrdəki ümumtəhsil məktəblərini, uşaq-gənclər inkişaf mərkəzlərini, təsviri sənət qalereyalarını təmsil edən istedadlı uşaqlar var. Müsabiqəyə təqdim edilən bütün rəsmlər mövzularının aktuallığı və işlənmə texnikasının rəngarəngliyi ilə diqqəti cəlb edir.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchuih/posts/1443639242465708
 
Keçidlər