Sabunçu rayonunda “31 mart - Azərbaycanlıların soyqırımı günü” qeyd olundu
31 mart 2014-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin konfrans zalında “31 mart -Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş toplantı keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Şura üzvləri, rayonun “20 Yanvar” Cəmiyyəti, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyi və Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Sabunçu rayon filialının sədr və üzvləri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə erməni quldur dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev çıxış edərək bildirdi ki, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşaiyət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Natiq qeyd etdi ki, bu soyqırımının tanınması və tarixdən silinməməsi istiqamətində ilk dəfə 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Ümummilli lider Heydər Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman imzalamışdır.
Tədbirdə həmçinin Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Milli məclisin deputatı Eldar Quliyev, Azərbaycan Çernobol Əlilləri İttifaqı İctimai Birliyinin Sabunçu rayon filialının sədri Elxan Salmanov və başqaları çıxış edərək erməni millətçiləri tərəfindən törədilmiş Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən bir qəddar siyasət olduğunu toplantı iştirakçıların nəzərinə çatdırdılar.