Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə tədbir keçirildi

26 dekabr 2019 | 20:00
   27.12.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi və Sabunçu qəsəbəsi 67 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə geniş tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkilləri Dilarə Cəbrayılova və Fazil Mustafa, rayonun təhsil müəssisələrinin rəhbərləri və Sabunçu qəsəbəsi 67 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti iştirak edirdilər.
   Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
   Daha sonra 67 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinin ifasında Azərbaycanın tarixini əks etdirən müxtəlif səhnəciklər və rəqslər nümayiş etdirildi, musiqi nömrələri və şeirlər ifa edildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təbriklərindən hazırlanan videoçarx isə tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək qeyd etdi ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olunub. “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan millətinin ümumdünya birlik günüdür və bu günün təntənə ilə qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir ənənəyə  çevrilib. R.Fərəcova vurğuladı ki, möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik və inkişaf edən dövlətləri sırasına çıxarıb.
   Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi və bu tarixin hər il dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qeyd edildiyini vurğuladı.
   Tədbir 67 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinin ifasında “Həmrəylik himni” ilə başa çatdı.
 
Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1460486540780978
 
Keçidlər