Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinə tədbirlərinin gedişi barədə Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclası keçirilmişdir

04 aprel 2014 | 19:00

Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyev 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırığın icra vəziyyəti ilə əlaqədar 04 aprel 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin operativ-idarəetmə otağında Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclası keçirildi. İclasda şura üzvləri, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, tibb və təhsil müəssisələrinin rəhbərləri iştirak edirdi. Eyni zamanda rayonun 10 qəsəbə nümayəndəlikləri canlı bağlantı vasitəsi ilə iclası izləyərək, müzakirələrə qoşulurdular.
İclası açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev gündəlikdə olan- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Sabunçu rayonunda əhalinin tibbi müayinə tədbirlərinin keçirilməsi haqqında və Ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi ilə əlaqədar rayonun XI sinif şagirdlərinə tədris olunan dərslərin gedişi barədə məsələlərinin müzakirə olunacağını toplantı iştirakçılarının nəzərinə çatdırdı.
Sonra rayonda aparılan əhalinin dispanserizasiyası ilə əlaqədar Rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu Məmmədova məruzə ilə çıxış etdi.  A.Məmmədova bildirdi ki, ölkənin səhiyyə sisteminin inkişafı Heydər Əliyevin səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlər kompleksi,  köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı.
Ümummilli liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Sabunçu rayonunda da bir çox işlər görülmüşdür. Rayonda 24 tibb müəssisəsi fəaliyyət göstərir ki, bunların böyük əksəriyyəti əsaslı təmir edilmişdir və qalanları da təmir edilir. Təkcə son iki il ərzində rayonda 28 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, 1 saylı Ruhi Xəstəxana üçün 4 Ümumi kişi şöbələri, Sabunçu qəsəbəsində 12 və 18 (uşaq) saylı uşaq poliklinikaları üçün  yeni bina tikilmiş, eyni zamanda rayonun 3 saylı Stomatoloji Poliklinikası, 22 saylı Şəhər Uşaq Poliklinikası, 8 saylı Şəhər Xəstəxanasının Poliklinika şöbəsi və 5 saylı Yoluxucu, 3 saylı Şəhər Klinik Xəstəxanaları əsaslı təmir olunaraq, yeni avadanlıqlarla təchiz edilmişdir. Hazırda Zabrat qəsəbəsində yerləşən Akademik Əziz  Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Lazer Cərrahiyyə Klinikasında əsaslı təmir işləri davam etdirilir.
Ölkə rəhbəri cənab İlham Əliyev əhalinin sağlamlığının təmin olunması məqsədi ilə 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir. Tapşırığın icrası ilə bağlı Sabunçu  Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki,  əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin mütəşəkkil qaydada təmin olunması üçün Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2014-cü il tarixli 89 nömrəli sərəncamı ilə  aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər üzrə aparılması nəzərdə tutulmuşdur. Keçirilən dispanserizasiya ilə əlaqədar səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu gün də davam etdirilməkdədir. 
Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada aparılır. Tibbi müayinədən rayonun 10 yaşayış məntəqəsi  üzrə 270261 nəfər əhalinin keçirilməsi nəzərdə tutulmuşdur. 04 aprel 2014-cü il tarixədək Sabunçu rayonunda  98557 nəfər vətəndaşın və 281 kollektivin tibbi müayinədən keçməsi təmin edilmişdir. Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, həzm, tənəffüs sistemi və əsəb xəstəlikləri aşkarlanmışdır. Xəstəliyi aşkarlanan şəxslər ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülərək onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Belə ki, qeyd olunan müddət ərzində 624 nəfər stasionar, 9972 nəfər isə ambulator müalicəyə cəlb edilmişdır. Eyni zamanda rayonda məskunlaşmış məcburi köçkünlərə və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədi ilə komissiya tərəfindən ixtisaslı həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Qeyd olundu ki, həyata keçirilən bütün işlər Rayon İcra Hakimiyyətində yaradılmış komissiya tərəfindən koordinasiya olunur və keçirilən tibbi müayinələrin yekunu gündəlik olaraq nəzarətdə saxlanılır.
Məruzə ətrafında Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva, Maştağa qəsəbəsi 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri Elbrus Əlili çıxış edərək bildirmişlər ki, müayinələr zamanı hər bir vətəndaş həm klinik-diaqnostik, rengenoloci, elektro-kardioqrafik, ultrasəs, terapevt və digər ixtisaslı mütəxəssislərin müayinəsinə cəlb olunurlar. Tədbirlər çərçivəsində həmçinin rayon ərazisində yerləşən bütün müəssisələrin, idarə və təşkilatların, orta və ali təhsil müəssisələrinin, digər təşkilatların işçilərinin, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrə qatılması üçün işlər həyata keçirilir.
İclas gündəlikdə olan ikinci məsələ-rayonun ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi vəziyyətinə dair 252 № məktəb liseyin tarix müəllimi “Tərəqqi” medalına layiq görülmüş Qəndab Həbibovanın çıxışı ilə davam etdi. Məruzəçi bildirdi ki, Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki xidmətləri, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə yetişməkdə olan gənc nəslə ətraflı və dolğun məlumatları çatdırmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırlanmış qrafikə əsasən mart ayının 04-dən may ayının 27-dək  Bakı şəhəri rayonlarının ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslərın tədrisi nəzərdə tutulmuşdur. Dərslərin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün tədris prosesinə peşəkarlığı, elmi-nəzəri və metodiki hazırlığı ilə fərqlənən tarix müəllimləri cəlb edilmişdir.  Keçirilən dərslərdə mövzuların şagirdlərə sistemli çatdırılması məqsədilə fənləri tədris edən müəllimlər mövzular üzrə tezislərlə təmin olunublar. Hər mövzunun tədrisinə iki akademik saat ayrılıb. Bu dərslərdə bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan bəhs olunur, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlər ətraflı təhlil edilir, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər konkret faktlarla diqqətə çatdırılır. Sabunçu rayonu üzrə qeyd olunan dərslərin tədrisi YAP Sabunçu rayon təşkilatının binasında və Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəb-liseyin akt zalında aparılır. Ümumilikdə Sabunçu rayonundan 2527 nəfər XI sinif şagirdlərinin dərslərdə iştirakı nəzərdə tutulmuşdur. Cari ilin mart ayı ərzində tərtib olunmuş qrafikə uyğun olaraq keçirilən dərslərə 38 ümumtəhsil məktəbindən və 18 qaçqın məktəbindən (185 nəfər rus bölməsi, 1465 nəfər azərbaycan bölməsi, 214 nəfər qaçqın məktəbinin) ümumilikdə 1865 nəfər şagirdin iştirakı təmin edilmişdir.
İclasda həmçinin rayon  ərazisində abadlıq işlərinin gedişatı və nümunəvi həyətlərin    yaradılması vəziyyəti barədə və 29.03.2014-cü il tarixində Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbə sakinləri ilə keçirdiyi səyyari görüş zamanı orada qaldırılan sosial məsələlərin həllinin gedişatı və bu sahədə qarşıda duran vəzifələr haqqında müzakirələr aparıldı.
Sonda əhalinin tibbi müayinəsi ilə bağlı tədbirin lazımi səviyyədə başa çatdırılması üçün əlavə tədbirlərin həyata keçirilməsi, bununla bağlı qarşıda duran vəzifələrdən danışıldı, Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev tərəfindən  bir sıra qəsəbə nümayəndəliklərinə və tibb müəssisələrinin rəhbərlərinə tapşırıqlar verildi.

Keçidlər