“Hər kağızı bir yarpağa dəyişək” layihəsinin yekunu olaraq Balaxanı poliqonunda ağacəkmə aksiyası keçirilmişdir
Aprelin 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” adlı müştərək layihə başa çatmışdır.
Fevralın 3-dən başlanmış layihə çərçivəsində vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə xeyli miqdarda kağız təhvil vermişlər. Təhvil verilmiş hər 50 kiloqram kağız tullantısı müqabilində bir ağacın əkilməsinə imkan yaranmışdır. Ümumilikdə, üç ay davam etmiş layihə çərçivəsində toplanmış 78 min 810 kiloqram kağız məhsulu müqabilində 1 min 576 ədəd ağac alınmışdır.
Layihənin yekunu olaraq aprelin 5-də layihəyə dəstək göstərən dövlət qurumlarının, İqtisadiyyat və Sənaye Nazirliyinin və digər təşkilatçıların, həmçinin özəl müəssisə və fiziki şəxslərin iştirakı ilə “Təmiz Şəhər” ASC-yə məxsus Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda ağacəkmə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində Balaxanı poliqonunun 5 min kvadratmetr ərazisi yaşıllaşdırılmışdır.
1 ton kağızın istehsalı üçün orta hesabla 17 ağac kəsilir və bu kağızlar yararsız hala düşdükdən sonra tullantı poliqonlarına daşınır. Bununla da ağacların kəsilməsi ilə yanaşı, təbiətin, atmosferin çirklənməsi riski də artır. “Hər kağızı bir yarpağa dəyişək” layihəsi göstərmişdir ki, aksiya çərçivəsində toplanmış və təhvil verilmiş kağızın hesabına uzun illər ekoloji fəlakət mənbəyi kimi tanınan Balaxanı poliqonunu da yaşıllaşdırmaq mümkündür. Artıq bu ərazi tullantı sahəsini deyil, parkı xatırladır.