Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

18 fevral 2020 | 20:00
   19.02.2020-ci il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu rayonunun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri hesabat məruzəsi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi sayəsində 2019-cu ildə də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması davam etdirilmişdir. A.Vəliyev qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də Sabunçu rayonunun sosial-iqtisadi sahələrində inkişaf davam etmiş vəəsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Belə ki, 2019-cu il ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən 536,4 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2018-ci illə faktiki qiymətlərlə müqayisədə 3,6 faiz çoxdur. 2019-cu ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2 milyard 955 milyon manatlıq əmtəə satılmışdır ki, bu da əvvəlki ildəkinə nisbətən 0,8 faiz artım deməkdir. Satılmış əmtəələrin 15,8 faizi hüquqi şəxslərin, 2,6 faizi rayonda fəaliyyət göstərən əmtəə bazarlarının, 81,6 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
2019-cu ildə bütün maliyyə mənbələri hesabına rayonda 636 milyon manat həcmində əsas fondlar istifadəyə verilmişdir. Rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün il ərzində maliyyə mənbələrindən əsas kapitala 787,2 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 2,4 dəfə çoxdur. 2019-cu ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 210,9 milyon olmuşdur ki, bu da 2018-ci ilin yanvar-dekabr aylarındakına nisbətən 42,6 faiz çoxdur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlər il ərzində Sabunçu rayonunda da davam etdirilmiş, sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılmış, yeni istehsal, məşğulluq sahələri yaradılmışdır. 2019-cu ildə rayonda 5820 yeni iş yeri açılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən 30138 nəfər pensiyaçıya xidmət göstərilmiş, pensiyaların hər ay vaxtında ödənilməsi təmin edilmişdir. İş axtarmaq məqsədilə rayon Məşğulluq Mərkəzinə 8198 nəfər müraciət etmişdir ki, onlardan da 2287 nəfəri işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarı ilə “Pilot layihə” çərçivəsində Rayon İcra Hakimiyyətinə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2019-cu ildə də davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən rayonun Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı; Rəsulzadə küçəsi, dalan 3/ 2 saylı; D.Pişəvari küçəsi, 13q  və 15 saylı; 2 Aprel küçəsi, 8a və 18 saylı; Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 6 saylı evlər qəzalı vəziyyətdə olduğundan, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə onlara birdəfəlik maddi yardım ödənilməklə, binalardan köçürülməsi üçün vəsait ayrılmış və həmin binalarda yaşayan ailələrə mövcud sənədlər əsasında mənzillərinin ümumi sahəsinə uyğun kompensasiyanın ödənilməsi müəyyənləşdirilmişdir.
Qeyd olunan binaların sakinlərinin əksəriyyəti müəyyən edilmiş kompensasiyaları alaraq mənzillərdən köçmüş, digərlərinin isə qarşılıqlı razılığa əsasən köhnə binanın yerində inşa ediləcək yeni binada sahəsi mövcud yaşayış sahələrindən 25 faiz artıq olmaqla, tam təmirli mənzillərlə təmin olunması nəzərdə tutulmuşdur. Bu işlər hazırda davam etdirilir və cari ilin sonlarına kimi yeni binaların inşasının başa çatdırılması planlaşdırılır.
Eyni zamanda, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 12; Ərəblinski 14, 14a, 16, 18, 18a; Nazim İsmayılov 70, 72, 74; R.Qəmbərov 19, 21; Ərəblinski-1 və Aşıq Alı 9  ünvanlardakı istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektlərinin sökülərək oradakı ailələr kirayə mənzillərlə təmin edilmişdir. Hazırda həmin ünvanlarda yeni çoxmərtəbəli yaşayış binalarının inşası yekunlaşmaq mərhələsindədir.
Sabunçu qəsəbəsi Əsədullayev küçəsindəki və başqa köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.
Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən 2019-cu ildə Zabrat qəsəbəsi 81 nömrəli tam orta məktəbin ərazisində birmərtəbəli, 120 şagird-yerlik modul tipli korpus tikilərək istifadəyə verilmişdir. Bundan əlavə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəb, Pirşağı qəsəbəsindəki 10 nömrəli sanatoriya tipli internat məktəbi, Zabrat qəsəbəsindəki 260 nömrəli körpələr evi – uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılmış, Ramana qəsəbəsindəki 90 nömrəli tam orta məktəbdə isə əsaslı təmir və yeni korpusun tikintisi işləri davam etdirilməkdədir.
2019-cu il ərzində rayonun səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni avadanlıqla təchizatı üzrə xeyli işlər görülmüş, Maştağa qəsəbəsindəki 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün əlavə korpusun tikintisi və Bakıxanov qəsəbəsindəki 2 nömrəli Doğum Evinin əsaslı təmir işlərinə bağlanmışdır və hazırda davam edir.
Ötən il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva bir neçə dəfə rayona səfər etmiş, tikinti obyektlərinin açılış mərasimlərində iştirak edərəksakinlərlə görüşmüşlər. Beləki, 21 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edərək yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmuşdur; noyabrın 19-da Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra Pirşağı stansiyasında Sabunçu-Pirşağı xəttinin rəmzi açılış lenti ni kəsərək stansiya ilə tanış olduqdan sonra Pirşağı stansiyasından qatarla Zabrat-2 stansiyasına gəlmişdir; dekabrın 29-da isə Bakı dairəvi avtomobil yolu ilə Abşeron dairəvi yolunun 28-ci kilometrliyində – Pirşağı qəsəbəsi ərazisində kəsişən hissəsində inşa edilən, qapalı hissəsinin uzunluğu 160, eni 31, hündürlüyü 6, ümumi uzunluğu isə 566 metr olan avtomobil tunelinin açılış mərasimində iştirak etmişdir.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkının və 113 saylı tam orta məktəbin əsaslı təmirindən sonra açılışında iştirak etmiş, qəsəbə ərazisində aparılmış abadlıq işləri ilə tanış olmuşdur. Bütün bunlar da sakinlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
2019-cu ildə rayonun mərkəzi küçə və yollarında, məhəllədaxili ərazilərdə abadlıq və quruculuq işləri davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi –1,3,5; məhəllə 4090/94 ev 1, 1/3, 3; R.Qəmbərov küçəsi 24, 26, 28, 32ünvanlarında nümunəvi həyətlər salınmışdır. Hal-hazırda Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə ev 1,2,3,4,5-in ərazisində təmir-bərpa və abadlıq işləri davam etdirilir. Çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində abadlıq işləri ilə yanaşı, həmin ərazilərdə 12125 kv.m. asfalt örtüyü vurulmuş, 1200 metr səki daşı-bardür düzülmüş, hər həyətdə  müasir tipli işıq dirəkləri quraşdırılmış, günlük və oturacaqlar qoyulmuşdur.  Bu və digər sahələrdə yaşıl ot örtüklərinin salınması, həmişəyaşıl ağac, kol və güllərin əkilməsi işləri davam etdirilmişdir.
Bakı Abadlıq MMC tərəfindən Balaxanı qəsəbəsində mərkəzi və məhəllədaxili küçələrə ümumilikdə 33 min kv.m asfalt örtüyü vurulmuşdur. Bundan başqa qəsəbənin Mübariz İbrahimov küçəsində Balaxanı İstirahət mərkəzinin ərazisində mini futbol və voleybol meydançaları tikilmişdir.
İlin əvvəlindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 275 min kv.m.-dən çox yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
Rayonun mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə nöqsanlara yol verilməmişdir.
Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə rayonun bütün qəsəbələrində sakinlərlə müntəzəm səyyari görüşlər, eləcə də cari ilin yanvar ayı ərzində Qəsəbə nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmiş və sakinləri narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.
İl ərzində rayonda bir sıra sosial əhəmiyyətli tədbirlər, ətraf mühitin mühafizəsi, sağlamlıq üzrə aksiyalar, səyahət və görüşlər təşkil edilmişdir.
Beləki, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici 11-ci tur- aksiya çərçivəsində Naxçıvanlı məktəblilərin 19-25 mart tarixlərində Bakı Olimpiya Stadionu və Bakı Gənclər Mərkəzi ilə tanışlığı təşkil olunmuş, mart ayının 23-də isə həmin tur-aksiya çərçivəsində Sabunçu rayon məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınma, 26 mart tarixində Hava Limanında onların qarşılanma mərasimi keçirilmişdir. 18 noyabr 2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “Ölkəmizi tanıyaq” maarifləndirici 12-ci tur-aksiya iştirakçılarının Gəncə-Göygöl-Şəmkir istiqamətində yolasalma və 21 noyabr 2019-cu il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində qarşılanma mərasimi keçirilmişdir.
21 mart 2019-cu il tarixdə Novruz bayramı münasibətilə Bakıxanov qəsəbəsindəki H.Əliyev Parkında, aprelin 7-də “Biz artıq 10.000.000-luq ölkəyik” devizi ilə və iyunun 14-də “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə Yavər Əliyev küçəsindəki parkda şənlik-konsert proqramı təşkil edilmiş, iyunun 25-də isə “26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibətilə Nardaran qəsəbəsindəki mədəniyyət və istirahət parkının açılışı mərasimi və konsert keçirilmişdir.
1 may və 1 iyul 2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında, 2 sentyabr, 1 noyabr və 28 dekabr 2019-cu il tarixlərdə isə Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ən Könüllü” layihəsinin iştirakçıları ilə görüş keçirilmiş və il ərzində həmin layihə iştirakçıları üçün Sabunçu Gənclər Evində “Dövlət qulluğu”, “Sosial könüllülük”, “Natiqlik bacarıqları”, “Şəxsi inkişaf” adlı təlimlər keçirilmişdir.
7 may 2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 96 illik yubileyi ilə əlaqədar məktəblər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi və mükafatlandırma mərasimi keçirilmişdir.
6 noyabr 2019-cu il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə “İlk tibbi yardım aylığı” başlanılmış, Sabunçu qəsəbəsində yerləşən Azərbaycan Dövlət Pedeqoji Kollecində, Bakıxanov qəsəbəsində yerləşən Neft-Energetika kollecində və Bakı Dövlət Sosial-İqtisad Kollecində müvafiq tədbirlər keçirilmiş və 29 noyabr 2019-cu il tarixdə “İlk tibbi yardım aylığı” nın yekunu ilə əlaqədar fəal iştirakçıların “Sağlam Ailə” Tibb Mərkəzinə ekskursiyası təşkil edilmişdir.
06 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar rayonun bütün qəsəbələrində ağacəkmə kampaniyası keçirilmişdir.
Bundan başqa “20 Yanvar hüzn günü”, “Azərbaycanlıların soyqırımı günü”, “Xocalı soyqırımı günü”, “Ramazan” və “Qurban” bayramları, “Faşizm üzərində qələbə günü”, “Respublika günü”, “Milli Dirçəliş günü”, “Dövlət Müstəqilliyi günü”, “Konstitusiya günü”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”, “Yeni il” və digər əlamətdar günlər münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
2019-cu il ərzində Rayon İcra Hakimiyyəti aparatına ümumilikdə 10293 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da 2018-ci il ilə müqayisədə 24,5 faiz (2029 sənəd) çoxdur. O cümlədən, vətəndaş müraciətlərinin sayı 6929 olmuşdur ki, bu da əvvəlki ildəkindən 21,7 faiz (1237 müraciət) çoxdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 565 nəfər qəbul edilmiş, keçirilmiş 45 səyyar görüşlərdə 5600 nəfərə yaxın vətəndaş iştirak edərək onlardan 615 nəfəri müxtəlif təkliflərlə çıxış etmiş, 320 məsələ qaldırılmışdır ki, onlardan da 296-sı (92,5%) müsbət həll edilmişdir. Bütün hallarda vətəndaşların müraciət və təkliflərinə, ərizələrinə vaxtında baxılaraq müvafiq tədbirlər görülmüş, köməklik göstərilmiş, izahatlar verilmişdir.
Rayon İcra Hakimiyyəti 2019-cu ildə fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Daha sonra Sabunçu rayonunda 2019-cu ildə rayonda ictimai asayişin qorunması üzrə görülmüş işlər haqqında Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, rayonda aparılan abadlıq-quruculuq işləri barədə Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, təhsil sahəsində əldə edilmiş yüksək nailiyyətlər barədə Bakıxanov qəsəbəsi 252 saylı məktəb-liseyin direktoru Xədicə Eminova və 2019-cu il ərzində ölkənin inkişafı üçün müxtəlif istiqamətlərdə görülən işlər barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış etdilər.
Keçidlər