Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü münasibətilə tədbir keçirildi

24 fevral 2020 | 20:00
   25.02.2020-ci il tarixdə Sabunçu rayonu Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müşaviri İsrafil Cəfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı sakinləri, Bakı şəhəri rayonlarının Gənclər və İdman İdarələri və Gənclər Evlərinin rəhbər və işçi heyəti, rayonun təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, məktəblilər, tələbələr və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
   İlk olaraq Sabunçu rayonunun məktəbliləri tərəfindən hazırlanan “Xocalı harayı" adlı rəsm sərgisinə baxış keçirildi.
   Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti  başçısının  müavini Rəna Fərəcova bildirdi ki, bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biridir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində iz buraxan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları amansız məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Həmçinin bildirildi ki, Xocalılar hətta amansız soyqırım günündə belə özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş və xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
   Çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Xocalı soyqırımı zamanı şəhid olanların ailələrinə başsağlığı verərək qeyd etdi ki, amansızlığı ilə fərqlənən Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Qeyd olundu ki, bugün Xocalı həqiqətlərini dünya çatdırmaq ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
Çıxışlardan sonra tədbir gənc könüllülərin hazırladıqları videoçarx və şeirlərdən ibarət kompozisiya ilə davam etdi.
   Daha sonra Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında təqdim edilən “Vətən” adlı tamaşa tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
  Tədbirin sonunda çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva bildirdi ki, Xocalı faciəsi erməni terrorçuları və onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı illər boyu məqsədyönlü şəkildə davam etdirilən etnik təmizləmə və soyqırım siyasətini bir daha təsdiq edib. Xocalıda törədilən bu cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu vurğulayan N.Babayeva Xocalıdakı hadisələrin soyqırım cinayəti kimi bütün dünyada tanınmalı olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıdığını qeyd etdi.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchuih/posts/1517737001722598
 
Keçidlər