“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı layihə çərçivəsində Kürdəxanı qəsəbəsində növbəti tədbir keçirildi
Layihə çərçivəsində 04 aprel 2014-cü il tarixində rayonun Kürdəxanı qəsəbəsində növbəti tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçiləri, qəsəbə nümayəndəsi, qəsəbə ağsaqqalları və xeyli sayda gənclər iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Atəş Verdiyev bildirdi ki, “Yaşlı nəslin təcrübəsindən faydalanaraq” mövzusu üzrə genişmiqyaslı layihə adından göründüyü kimi birbaşa maarifləndirici xarakter daşımaqla dövrün nəbzini tutan və ehtiyac duyulan bir layihədir. Layihə birbaşa ailə dəyərlərini, etiket qaydalarını və ümumiyyətlə, gündəlik həyatımızın istənilən məqamını ehtiva etməkdədir. XXI əsrin sürət, texnologiya, zamana sığmayacaq yenilik dövrü olduğunu nəzərə alsaq, bu yeniliklərin böyük tezliklə həyatımıza, yaşayışımıza, davranışımıza daxil olduğunu müşahidə edərik. Bəzən bəzi gənclər bu yenilik selindən ona lazım olmayan və onun genetik davranışına uyğun gəlməyən anları qəbul edir ki, layihə məhz bu neqativ halların aradan qaldırılması üçün bir vəsilə rolunu oynamaqdadır. Son illərdə dövlətimizdə də böyük templə əhalinin həyat səviyyəsini, iqtisadi imkanlarını yüksəltmək məqsədilə bir sıra dövlət sənədləri və fəaliyyət proqramları qəbul edilmişdir. Azərbaycanda aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən müxtəlif meyarlar üzrə bir sıra müavinətlər, ünvanlı sosial yardımlar təyin olunmuşdur. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulamışdır. Mehriban xanım Əliyevanın dəstək verdiyi bütün layihələr xalqımızın milli-mənəvi dəyərləri ilə yanaşı, ailə dəyərlərinin də geniş təbliğinə zəmin yaradır.
Kürdəxanı qəsəbə sakini Sahib İbrahimov çıxış edərək bildirdi ki, o, 10 uşaq atasıdır. Onların hamısı təhsil alıb və ailəlidirlər. 30 nəvəsi, 6 nəticəsi var. O, öz ailəsi barədə geniş danışdı, özünü xoşbəxt hiss etdiyini bildirdi, gənclərə öz ailəsini nümunə göstərirdi. Bütün hallarda gənclərə böyük-kiçik yeri bilməyi tövsiyyə etdi. Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva çıxış edərək bildirdi ki, “Ailə dəyərlərinin qorunması üçün əsas məsələlərdən biri qan qohumluğunun, yetkinlik yaşına çatmayan qızların nikaha məcbur olunması və bunun yaratdığı fəsadlar üzərində qurulur. Deyə bilərəm ki, Kürdəxanı qəsəbəsində qanuni nikah yaşına çatmayan qızların təhsildən yayındırılaraq ailə təzyiqi nəticəsində vaxtından tez ərə verilməsi hallarına rast gəlinir. Erkən ailə qurmağa məcbur olan qızlar sonradan ailə həyatı yaşamaq üçün ciddi psixoloji problemlərlə üzləşir, fiziki zorakılığa məruz qalır ki, bu da həmin həmin ailələrin böyük faizinin kiçik müddətdən sonra dağılması ilə nəticələnir. Rəsmi hüquqi nikah olmadığından molla kəbini ilə məcburi ailə quran qızlar boşandıqda mülkiyyət və aliment tələb edə bilmir. Son zamanlarda Azərbayacanda da bir çox dünya dövlətlərində olduğu kimi nikahdan öncə tibbi müayinədən keçirilməsi barədə təkliflər təqdirəlayiq haldır. Bu uzunmüddətli və sağlam ailələrin yaranma faizinin daha da böyük artımıdır. Ailə dəyərlərinə zərər gətirən məqamlardan biri də boşanma hallarıdır. Həyatın hər çətinliyini görən böyük həyat təcrübəsi keçmiş ahılların dilindən anladılacaq hər bir müdrik həyat hekayəsinə bizlərin ehtiyacı var.
Tədbirdə həmçinin Kürdəxanı qəsəbə nümayəndəsi Rəşad Baloğlanov, 113 saylı tam orta məktəbin müəllimi Nərminə Qasımova, Kürdəxanı qəsəbə sakini Rasim Quliyev və digərləri də çıxış edərək layihənin aktuallığı və əhəmiyyəti barədə fikirlərini bildiriblər. Tədbir ərzində iştirakçılarının yüksək fəallığı müşayiət olunmuşdur.
Bütövlükdə maariflənməyə həsr olunmuş layihənin məqsədi sağlam həyat tərzinin təbliği, əhalinin hüquqi savadının olması, milli – mənəvi dəyərlərə sadiqlikdir. Yadda saxlayaq ki, biz kökümüzlə güclüyük və dəyərlərin təbliği həyat tərzimiz olmalıdır.