Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2014-cü ilin birinci rübünün yekunları müzakirə olunmuşdur

18 aprel 2014 | 19:00

18 aprel 2014-cü ildə Sabunçu rayon İcra Hakimiyyətinin akt zalında 2014-cü ilin birinci rübündə Sabunçu rayonunun sosial-iqtisadi inkişafının yekunları və ilin sonuna kimi qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirilmişdir. 
         Əvvəlcə Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev “Sabunçu rayonunun 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və ilin sonuna kimi qarşıda duran vəzifələr haqqında” çıxış etdi.
      Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı iclasda geniş nitqlə çıxış edərək 2014-cü ilin birinci rübündə ölkə həyatının bütün sahələrində görülən işlərin aydın mənzərəsini yaratmış, qarşıda duran həlli vacib məsələləri müəyyənləşdirmişdir.
         Cənab Prezident qeyd etmişdir ki, ölkəmiz cari ilin birinci rübündə də dinamik inkişaf templərini saxlayaraq bütün sahələrdə uğurla irəliyə getmişdir. Ölkə iqtisadiyyatı yəni, ümumi daxili məhsulun həcmi birinci rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13,2 milyard manata çatmışdır. ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 1,1 faiz artaraq 1403,4 manat (1789,2$) olub. Ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə əsas prioritetimiz olan qeyri-neft sektorunda isə bu ilin birinci rübündə artım 8,8 faiz təşkil etmişdir. O da qeyd edilməlidir ki, qeyri-neft sektorunda ÜDM-in həcmi 7,204 milyard manat, neft sektorunda isə 5,946 milyard manat təşkil etmişdir. Kənd təsərrüfatında artım 3 faizdən bir qədər çox olmuş, əhalinin pul gəlirləri 4,5 faiz artaraq inflyasiyanı həmişə olduğu kimi 2 dəfədən çox üstələmişdir. Ötən üç ay ərzində 29 minə yaxın yeni iş yeri açılıb. Ölkənin valyuta ehtiyatlarıda birinci rübdə artmaqda davam edərək 53 milyard dollar təşkil etmişdir ki, bu çox böyük rəqəmdir və bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır.
         İclasda Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş üçüncü Dövlət Proqramı çərçivəsində Bakının qəsəbələrində bütün infrastruktur layihələrin icra ediləcəyi, qazlaşdırılmanın tam başa çatdırılacağı, elekrtik enerjisi, içməli su təchizatının daha da yaxşılaşdırılması, kanalizasiya şəbəkələrinin qurulması, daxili yolların tikintisi layihələrinin icrası, yeni iş yerlərinin açılması, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin tikintisi və təmiri işlərinin davam etdiriləcəyi vurğulanmışdır.
         Hesabat dövründə Sabunçu rayonunun sosial-iqisadi sahəsində də dinamik inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir. Belə ki, Dövlət neft şirkətinin rayonda fəaliyyət göstərən 3 təşkilatının statistik hesabatlarının artıq mərkəzi qaydada qeydə alınmasına belə baxmayaraq rayon üzrə 2014-cü ilin birinci rübündə məhsul istehsalı həcmi demək olar ki, əvvəlki ilin birinci rübü səviyyəsində qalaraq 79,2 mln.manat təşkil etmişdir. Birinci rübdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 18,2 faiz artaraq 54,6 mln.manat, pərakəndə əmtəə dövriyyəsi 5,7 faiz artaraq 144 mln.manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 5,4 faiz artaraq 55,3 mln.manat təşkil etmişdir. Rayon üzrə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 0,8 faiz artaraq 423,7 manat, o cümlədən sənaye sahəsində çalışan işçilərin aylıq əmək haqqı isə 508,9 manat olmuşdur. İlin əvvəlindən rayonda 514 yeni iş yerləri açılmış, rayonun idarə və müəssisələrində çalışanların ümumi sayı isə 30300 nəfər təşkil etmişdir.
         Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş  ”2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Sabunçu rayonu ərazisində təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya, sənaye və sahibkarlığın inkişafı, yol təsərrüfatı, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya, əhalinin təhlükəsizliyi və digər sosial sahələri əhatə edən 75 bənddən ibarət mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Artıq həmin Proqramda nəzərdə tutulmuş 17 tədbirin icrasına başlanmışdır. Eyni zamanda əvvəlki Proqram çərçivəsində hazırda 1 məktəb binasının, 1 uşaq bağçasının, Gənclər evinin tikintisi və 3 məktəb binası, 2 uşaq bağcası, 2 mədəniyyət obyektinin təmiri davam etdirilir.
         2014-cü ilin əvvəlindən müxtəlif maliyyə mənbələri hesabına rayonun mərkəzi küçə və yollarında, məhəllədaxili sahələrdə geniş həcmli təmir-bərpa, abadlıq işləri və çoxmənzilli yaşayış binalarının və obyektlərin fasadlarının müasir üslubda üzlənərək təmiri davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsinin Fətəliyev, Mehmandarov, Sülh, Y.Əliyev küçələrindəki yaşayış və digər binaların fasad və dam örtüklərinin xüsusi layihələr əsasında yenidənqurulması, bərpası və onların ətrafında abadlıq-
yaşıllaşdırma işləri daha da sürətləndirilmiş və artıq başa çatdırılmaq üzrədir. Eyni zamanda Bakıxanov qəsəbəsindəki mərkəzi Parkın yenidənqurulması və orada Heydər Əliyev Mərkəzinin inşası davam etdirilımiş, Balaxanı qəsəbəsindəki istirahət parkının yenidənqurulması və abadlaşdırılmasına başlanmışdır.
         Cari ilin əvvəlindən yalnız Bakıxanov qəsəbəsinin 17 küçəsində 69 min kv.m, Sabunçu qəsəbəsinin isə 2 küçəsində 13 min kv.m sahəyə yeni asfalt örtüyü vurularaq ətraf sahələr abadlaşdırılmışdır. Küçələrin işıqlandırılmasını təmin etmək üçün 21,8 km uzunluğunda yeni kabel xətti çəkilməklə 544 müasir tipli elektrik dirəyi və 1088 ədəd çıraq quraşdırılmışdır. Çoxmərtəbəli yaşayış binalarının ərazisində 6 nümunəvi həyət yaradılmış, 7 həyətdə isə işlər davam etdirilməkdədir. Sakinlərin xeyir-şər mərasimlərini keçirilməsinə şərait yaradılması məqsədilə Bakıxanov qəsəbəsi, Hacınski küçəsində ümumi sahəsi 300 kv.m olan bir mərtəbəli bina tikilərək istifadəyə verilmiş, 1 belə binanın tikintisi isə başa çatmaq üzrədir.
         Gələcəkdə daha bir neçə zəruri yerlərdə xeyir-şər evlərinin tikintisi nəzərdə tutulmuşdur.
         Rayon ərazisində sanitar-təmizlik işlərinin aparılması, məişət tullantılarının yığışdırılaraq vaxtında daşınması sahəsində təkmilləşmə, Kommunal-Təsərrüfatı İdarəsinin maddi-texniki bazasının gücləndirilməsi davam etdirilmişdir. Nəticədə bu sahədə də nəzərə çarpacaq irəliləyişlər olsa da, hələ də müəyyən çatışmazlıq və çətinliklər mövcuddur ki, bunlar da tam aradan qaldırılmalıdır.
         Rayon İcra Hakimiyyəti 2014-cü ilin birinci rübündə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
         Cari ilin 3 ayı ərzində İcra Hakimiyyəti Aparatına 1113 ərizə və 549 məktub daxil olmuş, İcra hakimiyyəti başçısı tərəfindən İcra hakimiyyətində 65 nəfər, keçirilmiş 6 səyyari görüşdə isə cəmi 972 nəfər iştirak etmiş və bu görüşdə 39 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, yazılı və ya şifahi izahatlar verilmişdir. Zəruri hallarda hər cür müxtəlif köməkliklər göstərilmişdir, bir sıra məsələlərin həlli üzrə isə işlər davam etdirilir.
         Edilmiş müraciətlər əsasında 3 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə müxtəlif məqsədlər üçün 70 min manata yaxın maddi yardımlar göstərilmişdir.
         Rayon ərazisində 50 müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitinin yaxşılaşdırılması, binalarda müəyyən təmir-bərpa işlərinin aparılmasına köməkliklər edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzərdə saxlamışdır. Novruz bayramı ərəfəsində ərazidə məskunlaşmış məcburi köçkün, Qarabağ əlilləri, şəhid ailələri və digər az təminatlı ailələrə arzaq bağlamaları verilmiş, digər gündəlik tələbat malları ilə köməkliklər göstərilmişdir.
         Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” bayramı ilə bağlı rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir.
         Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin digər bölgələrində olduğu kimi fevralın 27-dən bizim rayonda da əhalinin tibbi müəyinədən keçirilməsinə başlanmışdır və bu mühüm sosial əhəmiyyətli layihə mayın 1-nə kimi davam etdiriləcək.
         Gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə davam etdirərək ölkə rəhbərinin qarşımızda qoyduğu vəzifə və tapşırıqları Sizinlə birgə layigincə yerinə yetirəcəyik.
         Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin müdiri Məzahir Vəliyev çıxış etdi.
         Son illərdə Azərbaycan iqtisadiyyatının inkişafı və sosial problemlərin həlli istiqamətində görülən məqsədyönlü tədbirlər öz müsbət nəticələrini verməkdədir. Ölkədə ardıcıl olaraq həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafında əhəmiyyətli uğurlar qazanılmış, əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır.
         Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində 30122 nəfər pensiyaçıya xidmət göstərilir. Bundan 19480 nəfər yaşa görə, 8223 nəfər əlilliyə görə, 2419 nəfər ailə başçısınə itirməyə görə təyin edilmiş pensiyalardır. Hesabat dövründə şöbəmizdə 450 nəfərə pensiya təyin edilmişdir. O cümlədən 244 nəfərə yaşa görə, 159 nəfərə əlilliyə görə, 47 nəfərə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Bütün pensiyaçılar plastik kartlarla təmin edilmiş və onlara ərazidə quraşdırılmış 21 bankomat xidmət edir.
         2013-cü ilin yekunlarına görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanına əsasən illik inflasiya faizi indeksləşdirilərək 29411 nəfərə 53435.38 min manat 2014-cü ilin fevral ayında ödənilmişdir. Ümumiyyətlə, Sabunçu rayonu üzrə 2014-cü ilin yanvar ayında 29405 nəfərə 5253046.87 min manat, 2014-cü ilin fevral ayında 29473 nəfərə 5260740.27 min manat, 2014-cü ilin mart ayında 29490 nəfərə 5266944.03 min manat vəsait hesablanaraq vaxtında onların hesablarına köçürülməsi təmin edilmişdir.
         DSMF-in Sabunçu rayon şöbəsi sabunçu rayonu ərazisində fəaliyyət göstərən, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdən hesabat dövrü ərzində 502.6 min manat məcburi dövlət sosial sığorta haqqları yığılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 47.2 min manat çox və ya 10.4% çox təşkil etmişdir.
         Tədbirdə Sabunçu Qaz İstismar İdarəsinin rəisi İsmixan Nəsirov çıxış edərək bildirmişdir ki, Sabunçu rayonu ərazisində geniş miqyasda yenidənqurma və abadlıq işləri aparılır.  “Azəriqaz” İB Sabunçu QİS tərəfindən abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itkilərinin qarşısının alınması, ödəniş səviyyəsinin artırılması, texnoloji rejimə uyğun əhalinin fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə rayon ərazisində geniş miqyaslı təmir-tikinti və quraşdırma işləri aparılmışdır. O cümlədən 2014-cü ilin I-ci rübündə aşağıdakı işlər görülmüşdür:
         Rayon ərazisində müxtəlif diametrli 7426 p/m qaz kəmərləri çəkilmişdir;
         Müxtəlif diametrli 4790 p/m qaz kəmərləri yağlı boya ilə rənglənmişdir;
         2288 sayda fərdi ev qazlaşdırılaraq qeydiyyata alınmışdır;
         361 ədəd mexaniki qaz sayğacları smart-kart tipli sayğacla əvəz olunmuşdur;
         9 ədəd qaz tənzimləyici şkaf quraşdırılmışdır;
         4 ədəd siyirtmə quraşdırılmışdır;
         Əhaliyə 85930548 kub metr təbii qaz satılmışdır;
         Satılan təbii qazın dəyərinin 97 %-i ödənilmişdir.
         Saha sonra Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Bəxtiyar Qasımov çıxış edərək bildirmişdir ki, mərkəzi istilik sistemi ilə qızdırılmalı olan 123 binadan 105-nə 2013-2014-cü illərin payız-qış mövsümündə istiliyin verilməsi təmin olunmuşdur.
         Keçən müddət ərzində Bakıxanov qəsəbəsində ayrı-ayrı ünvanlarda 14 binada müxtəli diametrli 167 metr çirkab su, 154 metr içməli su xətti yenisi ilə əvəz olunmuşdur. Sabunçu qəsəbəsində E. Mehdiyev, Aydınbəyov, Bakıxanov qəsəbəsində isə M.Hacınski, Ş.Kamilov və sair ünvanlarda tüstü boruları və havasorucu kanallar təmizlənərək işlək vəziyyətə gətirilmişdir. Bir sıra ünvanlarda 185 metr damdan suaxıdıcı navalçalarda cari təmir işləri aparılmış, binaların bloklarına girişində 15 qapı, pilləkən qəfəsində isə 23 pəncərə təmir olunmuşdur. 
         Bakıxanov qəsəbəsində aparılan abadlıq işləri ilə əlaqədar olaraq R.Qəmbərov küçəsi 6, 8, 10, 12, 18 və 2/20 saylı binaların həyətlərindən 50-dən çox qeyri-qanuni dəmir və daş qarajlar müxtəlif təyinatlı tikililər, çəpərlər və daş hasarlar tərəfimizdən sökülərək təmizlənmişdir. Hal-hazırda həmin həyətlərdə abadlıq işləri aparılır. Belə ki, bardürlər yenisi ilə əvəzlənir, asfalt örtüyü vurulur, sakinlərin istirahəti üçün sərait yaradılır. Bu cür işlərin davamı olaraq 4090/94-cü məhəllə 4, 5 və 6 saylı evlərin həyətlərində də tərəfimizdən təmizləmə işləri aparılmış və bunun nəticəsində həmin həyətlərdən 44 ədə dəmir qaraj, 15-dən çox müxtəlif təyinatlı qeyri-qanuni tikili sökülərək təmizlənmişdir.
         Sanitariya və təmizlik işləri ilə əlaqədar olaraq MKTB tərəfindən məişət tullantılarının daşınması təsdiq olunmuş qrafik əsasında həyata keçirilir və nəzarətdə saxlanılır. Son üç ay ərzində 100 ədəd 1000 litrlik təzə konteyner alınmış, yerlərdə sıradan çıxmış 50 konteyner yenisi ilə əvəz olunmuş, Bakıxanov qəsəbəsində 2 yeni müasir tipli zibil meydançası tikilmiş və konteynerlə təmin olunmuşdur.
         Xidməti ərazidə 3000 kvadrat metr asfalt örtüyü vurulmuş və hal-hazırda işlər davam etdirilir.
         Bakıxanov, Zabrat, Ramana, Maştağa və Nardaran qəsəbələrində 544 ədəd yüngül konstruksiyalı metal işıq dirəkləri, 1088 ədəd çıl-çıraq qaraşdırılaraq mərkəzi yolların və məhəllələrin işıqlandırılması təmin olunmuşdur.
         Hal-hazırda qarşıda duran vəzifələrin yerinə yetirilməsi işləri tərəfimizdən davam etdirilir.
         Hesabat yığıncağının sonunda Qərar layihəsi oxunmuşdur.

Keçidlər