Sabunçu rayonunda “Sən hərbi-vətənpərvərliyi necə başa düşürsən? ” mövzusunda tədbirlərə başlanıldı
Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bu məqsədlə Sabunçu Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 18 aprel 2014-cü il tarixində Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəb-liseydə “Sən hərbi-vətənpərvərliyi necə başa düşürsən ?” mövzusunda tədbir keçirildi.
Tədbirin keçirilməsinə məqsəd şagirdləri vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etmək, onlara sülh və azadlıq ordusu olan Azərbaycan ordusuna məhəbbət aşılamaq, məktəblilər arasında hərbi vətənpərvərlik tərbiyəsi, geniş izahat və təbliğat işlərini gücləndirməkdir.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu Məmmədova bildirdi ki, bütün tərbiyə işini həyatla əlaqələndirmək sahəsində məktəblər xüsusi rol oynayırlar. Bu gün bizlər məktəbliləri xalqımızın ənənələri, vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissini, həmçinin xalqımızın əxlaqına zidd təzahürlərə qarşı qətiyyətli mübarizə inkişaf etdirməliyik. Hərbi-vətənpərvərlik tərbiyəsini təkcə təlim prosesində aparılan işlərlə məhdudlaşdırmaq olmaz. Bu işdə sinifdən və məktəbdənkənar tərbiyə işlərinin müxtəlif formalarından, yol və vasitələrindən istifadə etmək lazımdır. Azərbaycan Silahlı Qüvvələrinin şanlı qəhrəmanlıq tarixi ilə tanışlıq gənclər üçün zəruri olan cəsurluq və şücaət, mərdlik, xalqa və vətənə sədaqət kimi keyfiyyətlər tərbiyə edir. A.Məmmədova qeyd etdi ki, ötən əsrdə Azərbaycanda hərbi məktəblər olmasına baxmayaraq, orada azərbaycanlıların təhsil alması çox müşkül məsələ idi. Yalnız Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra bu problem öz həllini tapdı və həmin məktəblərdə azərbaycanlıların sayı artdı. 1969-cu ildə Ulu öndər Heydər Əliyev azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. Bunlardan biri də azərbaycanlıların hərbi məktəblərə qəbul olunmasını təmin etmək üçün indiki Cəmşid Naxçıvanski adına hərbi litseyi yaratması oldu. Bu məktəbi yaratmaq heç də asan olmamışdı. Cənab Heydər Əliyev böyük uzaqgörənliyi, qeyri-adi cəsarəti və inadkarlığı ilə 1971-ci ilin noyabr ayında məktəbin açılışı oldu.
Qarabağ döyüşlərində vuruşan zabitlərimizin təxminən 70-80 faizi "Cəmşid Naxçıvanski"nin yetirmələridir. Ordu quruculuğunda da bu məktəbin rolu əvəzsizdir. Ümummilli liderimiz Heydər Əliyevin çox böyük uzaqgörənliyidir ki, ordu quruculuğuna başlayanda əlimiz boş qalmadı. Bu gün məktəb müasir texniki vasitələr, laboratoriyalar, kompüter otaqları ilə təchiz edilib.
Sonra tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu rayonu üzrə kuratoru Fərman Abdullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini Müşviq Hacıyev,
Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və 94, 309 nömrəli tam orta məktəblərinin hərbi rəhbərləri çıxış edərək bildirdilər ki, hər bir gənc doğma ana vətənin müdafiəsi naminə, onu çətinliklər gözləsə də, əlindən gələni əsirgəməməli, onu şərəfli hərbi xidmət, Azərbaycan ordusunun həyatı, qəhrəmanlığı və s. maraqlandırmalıdır. Məhz buna görə də hazırkı şəraitdə hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm bir sahəsinə çevrilmişdir.
Tədbirin sonunda məktəblilərə hərbi vətənpərvərlik mövzusunda bukletlər paylanıldı.