Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 91-ci ildönümü sonsuz ehtiramla qeyd olundu

28 aprel 2014 | 19:00

Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatı 26 aprel 2014-cü il tarixində Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirtdi.
Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə rayonun səhiyyə və təhsil işçiləri, məktəblilər,  rayonun qəsəbələr üzrə RİH başçısının İcra nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər. İlk öncə tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükütla yad etdilər, sonra isə alimin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.
      Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu Məmmədova bildirdi ki, Zərifə xanım Əliyeva qısa, lakin şərəfli ömrünü faydalı işlərə sərf edib. O, hər şeydən əvvəl nəcib insan, qayğıkeş həkim, mehriban ana, vəfalı, sədaqətli həyat yoldaşı, səmimi dost, saf insan idi. Bu da təbiidir, çünki Zərifə xanım akademik Əziz Əliyevin ailəsində tərbiyə almışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellektə, geniş dünyagörüşünə sahib olmuşdu. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, insanlarla səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş edirdi. O, həmkarları ilə birlikdə ağır faciəyə səbəb olan traxoma xəstəliyinə qarşı mübarizə aparırdı. Zərifə Əliyeva ciddi elmi tədqiqatları, apardığı mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. O, gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. O, ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan fəaliyyət göstərirdi. Zərifə xanım uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan "Bilik" Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. 
Qeyd olundu ki, tale Zərifə xanıma onu sevən, ona dəyər verən, yolunda hər cür fədakarlığa hazır olan qüdrətli bir insanı – müasir, müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmiş Heydər Əliyevi bəxş etdi. Bu iki insanı bir-birinə təkcə sonsuz məhəbbət hissi bağlamırdı, onlar ruhən də çox yaxın idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu...
       Arzu Məmmədova vurğuladı ki, Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanda birinci xanım institutunun daha da möhkəmləndirilməsi üçün çalışır. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ictimai fəaliyyəti göz qabağındadır. Azərbaycan gənclərinin lideri kimi onun vətənpərvərliyi, ölkəmizin dünyada tanınması üçün gördüyü işlər hər birimizdə qürur hissi doğurur.
     Sonra tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, YAP Sabunçu rayon təşkilatının Qadınlar Şurasının sədri Ramidə İbrahimova, 3 saylı Şəhər Klinik Xəstəxanasının həkim-oftalmoloqu Cəfər Məmmədov və 12 saylı Şəhər Poliklinikasının həkim-oftalmoloqu Şəfiqə Nəbiyeva çıxış edərək, Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışdılar.
     Tədbirin sonunda Sabunçu rayonunun böyük təcrübələri olan həkim-oftalmoloqlara və Zərifə xanımım Əliyevanın 91-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim olundu.

 

 

 

 

Keçidlər