Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar

22 sentyabr 2020 | 20:00
   Bildirildi ki, burada görülən işlər qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub.
   Diqqətə çatdırıldı ki, Balaxanıdakı Şah Səfi karvansarayı 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.
   Qeyd edək ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.
   Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəsəbədəki Hacı Şəhla Məscidi və Şakir ağa türbəsinin bərpası barədə də məlumat verildi. Bildirildi ki, Hacı Şəhla Məscidi XIV əsr memarlıq abidəsidir. Şakir ağa türbəsi Balaxanı abidələrinin ən qiymətlilərindən hesab olunur.
   Qəsəbədəki Ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.
   Balaxanın “Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam da qəsəbənin tarixi tikililərindən hesab olunur. Onun inşası XIV əsrə təsadüf edir.
   Məlumat verildi ki, Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib.
   Dövlətimizin başçısı və birinci xanım əncir dərdilər, göyərçinlərə tamaşa etdilər.
   Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı sakinləri ilə görüşdülər.
   Dövlətimizin başçısı Balaxanı kəndinin yeni dövrünün başladığını bildirdi, bu cür layihələrin digər qəsəbələrdə də icra olunacağını dedi.
   Qəsəbə sakinləri göstərilən diqqətə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlıqlarını bildirdilər.
 
Ətraflı linkdə: https://www.facebook.com/sabunchurih/posts/1701517433344553
 
Keçidlər