“Salam, əsgər!” aksiyası davam edir
14 oktyabr 2020 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-in təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək məqsədilə həyata keçirilən “Salam, əsgər!” aksiyası davam edir. Artıq vətəndaşlarımız tərəfindən ötən həftə ərzində yazılan məktublar igid əsgərlərimizə göndərilmişdir.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd vətəndaşlara xalqımıza qürur və qalibiyyət hissi yaşadan əsgərlərimizə öz duyğularını kağız və qələm vasitəsilə bildirmək imkanı yaratmaqdır.
Xatırladaq ki, aksiyada iştirak etmək istəyən şəxslər Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında hazırlanmış xüsusi guşəyə yaxınlaşaraq Azərbaycan Ordusu sıralarında vətənin keşiyini çəkən igid əsgərlərimizə məktublarını ünvanlaya bilərlər.
Hər birinizi aksiyada fəal olmağa dəvət edirik!