Ali Baş Komandana güvənməyə davam etməliyik
10 yanvar 2021 | 20:00
Azərbaycan Respublikasının müstəqillik tarixində, ümumiyyətlə son yüz ilimizin bütövlükdə tarixində 2020-ci ilin özəl bir yeri var və illər keçdikcə də biz bunun nə qədər əhəmiyyətli bir il olduğunu dərk edəcəyik. Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində bir ili yola saldı. Yəni, o vaxta qədər bizim torpaqlarımız Ermənistanın işğalı altında idi və əlbəttə ki, hər keçən ilimiz yarımçıq təəssüratla yola salınırdı, biz tam olaraq sevinə, xoşbəxt ola bilmirdik.
2020-ci ildə müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu, müzəffər Azərbaycan Əsgəri torpaqlarımızı öz canı və qanı bahasına düşmən işğalından azad etməklə bir tarix yazdı. Azərbaycan əlbəttə ki, çox böyük bir uğura imza atdı. Hətta elə bir uğura ki, bizim savaş taktikamız, bütövlükdə müharibə aparma imkanlarımız dünyanın ən aparıcı ölkələri tərəfindən diqqət çəkmiş oldu və artıq Azərbaycanın müharibə təcrübəsi ən yüksək səviyyədə öyrənilməkdədir. Yəni, bu baxımdan 2020-ci il bizim üçün əvəzsiz bir ildir və Cənab Prezident də əlbəttə ki, bu uğurun baş memarı olaraq 2020-ci ilə yaxşı mənada öz möhürünü vurmuş şəxsdir. Ondan savayı pandemiyanın gətirdiyi problemlər, onlara qarşı mübarizə baxımından da Azərbaycan fərqli, seçilən bir ölkədir. İlk günlərdən, mən özüm də xatırlayıram, ötən ilin fevral ayından başlayaraq Azərbaycanda təcili tədbirlər görüldü və nəticə etibarı ilə bizim ölkəmizin daha geniş bir faciə yaşamasının qarşısı alındı. Elə ölkələr hazırda vardır ki, onlar pandemiyaya dırnaqarası, başısoyuq yanaşdılar və nəticədə də həmin ölkələrdə indi milyonlarla yoluxma qeydə alınıb, on minlərlə ölüm halları müşahidə edilib. Amma Azərbaycan nə etdi? Azərbaycan önləyici tədbirlərə üstünlük verdi, dövlət bütün potensialını cəlb etdi ki, insanların yoluxmasını minimuma endirə bilsin. Əlbəttə ki, bu baxımdan da, yenə də deyirəm, Cənab Prezidentin uzaqgörənliyi və hər şeydən öncə vətəndaşı düşünməsi diqqət çəkəndir. İndi biz torpaqlarımızı işğaldan azad etmişik, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Əlbəttə ki, irəli baxırıq və Cənab Prezident də məhz o baxımdan yanaşır məsələlərə. Yəni, işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması, oraya insanlarımızın yenidən yerləşdirilməsi, öz evlərinə qaytarılması, böyük bir proses başlayır və əlbəttə ki, bu prosesdə bizim hər birimiz, istər dövlər, istər qeyri-dövlət, istər adi vətəndaş olaraq əl-ələ verməli və öz tövhəmizi verməliyik.
Şəhidlərimiz var. Şəhidlərimizə görə bir tərəfdən kədərləniriksə, digər tərəfdən çox yüksək səviyyədə qürur hissi keçiririk. Niyə? Ona görə ki, biz torpaqlarımızı kiməsə yalvararaq geri almadıq. Biz can verib, qan tökərək torpaqlarımızı geri aldıq və ona görə qürurluyuq. Həmin şəhidlər bizə bu qüruru yaşatmış insanlardır. Təbiidir ki, bir daha qeyd edirəm, Ali Baş Komandanın uzaqgörənliyi, dövləti və insanlarımızı düşünməsi Azərbaycanın 2021-ci ili belə alnı açıq, üzü ağ qarşılamasına səbəb olmuşdur.
Düşünürəm ki, bu tempdə də davam etməliyik. Yenə də Ali Baş Komandan Cənab İlham Əliyevə güvənməyə davam etməliyik, necə ki, ona güvənirdik və boşuna güvənmədiyimiz hətta torpaqlarımızın işğaldan azad edilməsində də sübut olundu. Bundan sonra da bu cür davam etməliyik və əminəm ki, yaxın bir neçə ilin ərzində Azərbaycan Qarabağ torpaqlarının bərpasını da tam olaraq başa çatdırmış olacaq. Müharibə mövzusu bizim üçün birdəfəlik qapanacaq və dinc quruculuq, yüksək inkişaf dövrünə başlamış olacağıq. Əslinə qalanda, həmin o inkişafın ilk addımları elə müharibə bitər-bitməz atılmağa başlamışdır.
İbrahimova Ruhiyyə, 155 saylı orta məktəbin direktoru