Ermənistan rəsmiləri bölgədə yaranmış yeni reallığı qəbul etməlidir.
10 yanvar 2021 | 20:00
10 noyabr tarixində Rusiya və Azərbaycan Prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli bəyanat imzalandı. Bundan sonrakı mərhələdə hərbi əməliyyatların dayandırılması, bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması müəyyənləşdirildi. Bu çərçivəyə tamamilə zidd olaraq, eyni zamanda gərginliyi alovlandırmaq cəhdi göstərərək Ermənistan növbəti təxribata əl atır. Belə ki, Ermənistan hökuməti üzərinə götürdüyü öhdəlikləri pozur və Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə səfər edir. Burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirir, hətta bununla kifayətlənmir “sənədlər” imzalayır. Bu tamamilə qanuna zidd bir hərəkətdir.
Aydın məsələdir ki, Ermənistan bu kimi əməllərə əl atmaqla hər şeydən öncə daxili auditoriyaya oynanılan növbəti düşünülmüş addımlardan birini edir. Bu isə bölgədə vəziyyətin normallaşmasına, sülh və təhlükəsizliyin təmin olunmasına kölgə salır və əngəl yaradır. Düşünürəm ki, Ermənistan rəsmiləri daha öncə etdikləri səhvləri təkrarlamamalı, bölgədə yaranmış yeni reallığı artıq qəbul etməlidirlər. Bundan sonrakı mərhələdə Ermənistan üçün ən optimal variant bölgədə yaranmış yeni təhlükəsizlik formatını qəbul etmək, yeni əməkdaşlıq imkanlarından faydalanmaqdır. Yalnız belə olan halda sülh və təhlükəsizlik şəraitində birgə yaşayışa töhfə verə bilər.
Ermənistanla Azərbaycan sərhəddi birmənalı olaraq Sovet Azərbaycanı ilə Sovet Ermənistanı sərhəddi əsasında müəyyən edilməlidir. Yəni, Sovet İttifaqı dağılana qədər Azərbaycanın Ermənistanla sərhəddi harada yerləşirdisə, indi də həmin sərhəd olmalıdır. Belə olan halda rus sülhməramlılarının yeni xəritələr çəkməsi təbii olaraq Azərbaycan ictimaiyyətində böyük narazılıqlara səbəb olub. İnsanlarımız, vətəndaş cəmiyyətləri resursları, ictimaiyyət nümayəndələri bu məsələlərlə bağlı açıq şəkildə öz etirazlarını bildirdilər və rus sülhməramlıları əvvəlki mövqelərinə qayıtmalı oldular. İndi də ara-sıra mətbuatda bu kimi məlumatlar yayılır. Fikrimcə, 10 noyabr bəyanatının tam işlək vəziyyətdə olması və onun tam təmin olunması üçün Türkiyə sülhməramlılarının Azərbaycana gəlişi çox önəmlidir. Türk sülhməramlıları Monitorinq Mərkəzində fəaliyyətə başladıqdan sonra bu kimi anlaşılmazlıqların aradan qaldırılması üçün daha münbit şərait formalaşmış olacaq.
Həsənov Əli, Sabunçu rayon Telefon Rabitə qovşağının rəisi