Bizim şərtlərimiz bəllidir və onlar yerinə yetirilməlidir
13 yanvar 2021 | 20:00
Azərbaycan ictimaiyyətinin Rusiyada baş tutan görüşdən gözləntisi böyükdür. Məlumdur ki, noyabrın 10-da əldə edilmiş anlaşmanın şərtləri tam mənada Ermənistan tərəfindən həyata keçirilmir. Əlbəttə, Ermənistan tərəfinin bu pozucu fəaliyyətləri Azərbaycan tərəfindən qəbul edilə bilməz. Çünki anlaşmanın əldə edilməsinə baxmayaraq, indiyədək Ermənistan ordusunun Dağlıq Qarabağın bir hissəsindəki tör-töküntüləri bölgədən çıxarılmayıb. Həmin ünsürlər Azərbaycanın ərazi bütövlüyünü təhdid edirlər, Azərbaycan ordusu üçün müəyyən təhlükə mənbəyidirlər, açıq desək, terrorizmə rəvac verirlər. Yəni Ermənistanın üçtərəfli anlaşmaya riayət etmədiyi göz qabağındadır.
Azərbaycan Prezidenti Moskva görüşü ərəfəsində bir daha vurğuladı ki, Dağlıq Qarabağın erməni icmasına əlahiddə statusun verilməsindən söhbət gedə bilməz. Əgər onlara bir status veriləcəksə, bu, Azərbaycan daxilində muxtariyyət statusu ola bilər. Eyni zamanda, gözləntimiz budur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan iddialarından açıq şəkildə imtina etməlidir. Çünki Ermənistan bu anlaşmaya imza atıbsa, bununla münaqişədə tərəf olduğunu qəbul edir. Buna görə də, Ermənistan Azərbaycana olan torpaq iddialarından imtina etməli, bundan sonra Azərbaycanla sülh və təhlükəsizlik içində yaşayacağına dair üzərinə öhdəlik götürməli və bu istiqamətdə konkret addımlar atmalıdır. Ermənistan bu öhdəlikləri yerinə yetirərsə, iki ölkə arasında nəqliyyat xətlərinin açılması, iqtisadi-ticarət əlaqələrinin bərpası və genişləndirilməsi, o cümlədən Ermənistanın bölgədəki geosiyasi və geoiqtisadi layihələrdə iştirakına yerin ayrılması məsələlərinə baxıla bilər.
Azərbaycan qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir. Bizim şərtlərimiz qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı. Ümid edək ki, Ermənistan rəhbərliyi və ölkədəki bütün siyasi qüvvələr Ermənistanın gələcək inkişafını nəzərə alaraq, bu yöndə müvafiq qərarlar qəbul edəcəklər. Amma düşünürəm ki, Ermənistan tərəfi yenə də Moskvada əldə ediləcək anlaşmaları yerinə yetirməməyə çalışacaq. Çünki Paşinyan hazırda Ermənistan müxalifətinin ciddi təzyiqi və demarşı altındadır. İstisna etmirəm ki, Paşinyan Moskvadan qayıtdıqdan sonra bu addımları atsa, Qərbə qaçmalı olacaq.

Abbasova Fərqanə,
72 saylı orta məktəbin direktoru