Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın qanlı tarixinə çevrilən 20 Yanvar faciəsi

21 yanvar 2021 | 20:00
20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı və bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş Vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri xalqımızın qanlı tarixinə çevrilən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra yanvar faciəsini törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi üçün əlindən gələni etdi, hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət almasından ötrü vacib olan bütün prosedurların yerinə yetirilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1994-cü il mart ayının 29-da parlamentdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edildi. Bundan sonra Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi və faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.
20 Yanvar şəhidlərinin adı əbədiləşdirilib, onların adına küçə və məktəblər vardır. Dövlətimiz 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərir. Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən “20 Yanvar şəhidi” adı təsis edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkədə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşdırılıb. Hazırda 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüd verilir. Bununla bərabər 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir. Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin ölkənin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şəhidlərimizin qanı yerdə qalmadı. 20 Yanvar şəhidlərinin qanları bahasına bizə ərmağan etdikləri azadlığı layiqincə qoruduq, Qarabağı azad edib ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan xalqı 1990-ci il 20 yanvar günündə olduğu kimi Vətən müharibəsində də bir daha göstərdi ki, dövlətimiz, mütəqilliyimiz və vətənimiz üçün düşünmədən canından keçməyə hazırdır. Məhz elə buna görə də xalqımız şəhidlərimizi heç zaman unutmayacaq, onların əziz xatirəsini əbədi olaraq yaşadacaqdır!
 
Bayramova Həqiqət, 75 saylı tam orta məktəbin direktoru
Keçidlər