Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinin Sabunçu rayonu üzrə yekun mərhələsi başa çatdı

26 yanvar 2021 | 20:00
   Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsi başa çatdı. Layihə çərçivəsində 26 yanvar 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi və Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları, müsabiqənin yekun mərhələsində iştirak hüququ qazanan məktəblilər və onların elmi rəhbərlərinin iştirakı ilə onlayn formatda geniş elmi-praktik konfrans keçirildi.
   Konfransı açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verərək qeyd etdi ki, müsabiqənin rayon mərhələsinin təşkili məqsədilə 07 yanvar 2021-ci il tarixdə rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorlarının iştirakı ilə onlayn iclas keçirildi. Rayon üzrə məktəblilər 14 yanvar 2021-ci il tarixədək seçilmiş mövzular üzrə referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etdilər. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinə təqdim olunmuş 47 referat 15-18 yanvar 2021-ci il tarixlərində müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə təqdim edildi. İlkin seçim mərhələsi müddətində Komissiya tərəfindən elmi rəhbərlərinin də iştirakı ilə onlayn şəkildə dinlənilən şagirdlər hazırladıqları referatlar üzrə maraqlı çıxışlar nümayiş etdirdilər. Nəticədə, 19-23 yanvar 2021-ci il tarixlərində keçirilən onlayn plenar iclasların yekunu olaraq Komissiya tərəfindən ümumilikdə 7 mövzu üzrə 10 ən yaxşı referat seçildi və xüsusi tədqiqat bacarığı ilə fərqlənən 10 məktəbli 26 yanvar 2021-ci il tarixdə Sabunçu rayonu üzrə onlayn şəkildə təşkil olunacaq elmi-praktik konfransda iştirak hüququ əldə etdi.
   Sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirdi ki, “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda keçirilən yazı müsabiqəsi gənc nəslin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunması məqsədi daşıyır və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir. Həmçinin, yazı müsabiqəsində iştirak şagirdlərdə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb edir.
   Daha sonra müsabiqənin ilkin seçim mərhələsi nəticəsində fərqlənən 10 məktəbli xüsusi təqdimatlarla çıxış edərək elmi işlərini təqdim etdilər.
   Sonda rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları müsabiqənin şagirdlər arasında böyük marağa səbəb olduğunu vurğulayaraq layihənin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
   Qeyd edək ki, müsabiqənin yekun mərhələsi nəticəsində fərqlənən məktəblilər rayonu Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda təmsil edəcəklər.
Keçidlər