Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Mahmudov İbrahim Ağagül oğlunun ailəsi ilə görüş keçirildi

14 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev və Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Mahmudov İbrahim Ağagül oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
   Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan İ.Mahmudovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
  Qeyd edək ki, Mahmudov İbrahim Ağagül oğlu 23.11.1998-ci il tarixdə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur. 2005-ci ildə 108 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunan İ.Mahmudov 2014-cü ildə məktəbi orta təhsillə bitirmiş və özünün arzuladığı maşın ustası sənətinə yiyələnmişdir. 2017-ci il yanvar ayının 29-da həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidməti müddətində komandirlər və rəisləri tərəfindən verilən tapşırıq və göstərişləri vaxtında və düzgün yerinə yetirməklə özünü intizamlı hərbi qulluqçu kimi göstərmişdir. 2 iyul 2018-ci il tarixdə hərbi xidmətini başa vuran İ.Mahmudov Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulmuş və 11.10.2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə  “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir.
 
Allah rəhmət eləsin!
 
Keçidlər