Sabunçu rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi
25 fevral 2021 | 20:00
Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar, bu gün saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Sabunçu rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülmüş, 1000 nəfərdən çox dinc əhali aldığı güllə yarasından əlil olmuşdur. Onlardan 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülmüş, onlardan 150-nin taleyi hələ də məlum deyil.
Xalqımız şəhid olmuş soydaşlarımızı daim yad edəcək, onların xatirəsini həmişə əziz tutacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!