Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şalıyev Ceyhun Nüsrət oğlunun doğum günündə ailəsi ilə görüş keçirildi

19 may 2021 | 20:00
   20 may 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Əlizadə Fəqan, Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov və qəsəbə nümayəndəsinin müavini Ağamalı Səfərov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şalıyev Ceyhun Nüsrət oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
   F.Əlizadə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan C.Şalıyevin ailə üzvlərinə başsağlığı verərək son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
   Qeyd edək ki, Şalıyev Ceyhun Nüsrət oğlu 20.05.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 90-cı illərin sonunda ailəsi ilə birlikdə Rusiya Federasiyasının Voronej şəhərinə köçən C.Şalıyev orta təhsilini 1-ci sinifdən 7-ci sinifədək orada almışdır. 2008-ci ildə yenidən Azərbaycana qayıdaraq təhsilini Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (hazırda Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinə qəbulla əlaqədar keçirilmiş imtahanda 600 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Ali təhsil aldığı dövrdə müxtəlif yerlərdə işləmişdir. Uşaqlıq illərindən etibarən mütəmadi olaraq idmanın müxtəlif sahələri ilə məşğul olmuşdur. Təhsil aldığı dövrdə universitetin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
2015-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra hərbi xidmətə çağrılan C.Şalıyev 2016-cı ilin aprel ayında düşmənin təxribatçı əməliyyatları nəticəsində baş tutmuş müharibənin iştirakçısı olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra “Azərcell Telekom” MMC-də çalışmağa başlamışdır.
   Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan 44 günlük Vətən müharibəsi zamanı könüllü qaydada ordu sıralarına yazılan C.Şalıyev döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
   Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilmişdir.
 
Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik!
 
Keçidlər