Sabunçu rayonunda “Son zəng”
Təhsil Nazirliyinin əmrinə əsasən, 2013-2014-cü tədris ilinin yekunu ilə əlaqədar bu gün respublikanın ümumtəhsil məktəblərində "Son zəng" günü qeyd edilir. Bir çox rayonlarda olduğu kimi, Sabunçu rayonunda da "Son zəng" tədbirləri təmtəraqlı təşkil edilmişdi.
May ayının 30-da Bakıxanov qəsəbəsindəki 169 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, müavinlər, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etdilər.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev müstəqil həyata qədəm qoyan məzunları və onların valideynlərini salamlayaraq, bu gözəl gün münasibəti ilə təbrik etdi. A.Vəliyev Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı və vurğuladı ki, hər il olduğu kimi bu il də 169 nömrəli tam orta məktəbi bitirən məzunların hamısının tələbə adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə şübhə etmir.
“Son zəng” tədbirində məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışları qonaqların çox xoşuna gəlib. Məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını çatdırıblar və tədbir böyük bədii proqramla başa çatdırılıb.
Sabunçu rayonunda 46 ümumtəhsil, 3 orta-ixtisas, 6 ilk peşə təhsili, 4 uşaq musiqi məktəbi, 41 məktəbəqədər təhsil müəssisəsi, 5 məktəbdənkənar müəssisələr və 3 internat məktəbi fəaliyyət göstərir.
Rayonun 46 ümumtəhsil müəssisəsində 47322 şagird təhsil alır ki, bu il onların 2312 nəfəri məzundur.
Sabunçu rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçib və məzunların həyatında yaddaqalan bir günə çevrilib. Ənənəvi olaraq rayonun bütün orta məktəblərində keçirilən son zəng tədbirlərində təhkim olunmuş Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə İcra Nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.