Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medallar təqdim edildi

28 iyun 2021 | 20:00
   29.06.2021-ci il tarixdə Bakı Gənclər Mərkəzində  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  ölümündən sonra orden və medallarla  təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medalların təqdim edilməsi mərasimi keçirildi.
   Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak edirdilər.
   İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində ötən ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı azad etdi. Vurğulandı ki, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır.
   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov, Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə və Vətən müharibəsi şəhidi Məmmədov Əlihüseyn Elşad oğlunun anası Arzu Məmmədova çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açdılar.
   Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  ölümündən sonra orden və medallarla  təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medallar təqdim edildi.
 
Ətraflı linkdə: https://www.facebook.com/sabunchurih/posts/1925694017593559
 
Keçidlər