Sabunçu rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 31 may 2014-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram şənliyi keçirilib. Tədbirdə rayonun Uşaq Sanatoriyalarında müalicə alan və qəyyumluqda olan, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabunçu RİH-nin əməkdaşı Atəş Verdiyev bildirdi ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini qeyd edən A.Verdiyev bildirdi ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.
Bayram tədbiri “AYAN” kukla teatrının təqdim etdiyi “Tıq-tıq xanım” nağılı ilə başlandı. Uşaqların böyük marağına səbəb olan tamaşadan sonra tədbir bir-birindən maraqlı və şən personajların çıxışı ilə davam etdi. Tədbir boyunca tanınmış müğənnilərin ifasında səslənən mahnılar uşaqlar tərəfindən böyük sevinclə qarşılandı. Tədbirdə uşaqların əyləncəsinə rəng qatmaq üçün AkvaQrim ustaları hər bir iştirakçıya Face Art üslubunda ecazkar obraz yaratdılar.
Bayramın sonunda 150 uşağa maraqlı hədiyyələr təqdim edildi.