Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi İbrahimli Məhəmmədəli Mütəllim oğlunun ildönümü mərasimi keçirildi

14 dekabr 2021 | 20:00
15 Dekabr 2021-ci ildə  Sabunçu rayonunda Vətən müharibəsi şəhidi İbrahimli Məhəmmədəli Mütəllim oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
İbrahimli Məhəmmədəli Mütəllim oğlu 1996-cı il noyabrın 22-də Beyləqan şəhərində anadan olmuşdur. Əslən Füzuli şəhərinin Cuvarli kəndindəndir. Orta təhsilini Baki şəhəri 215 sayli məktəbdə almışdır. 2014-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olmuşdur. Cihazqayırma mühəndisliyi ixtisasını bitirən Məhəmmədəli 2018-ci ildə magistr təhsili üzrə Azərbaycan Texniki Universitetinə daxil olur.
Qaydasız döyüş üzrə 2 dəfə Azərbaycan Çempionu olmuşdur. "Bakı 2015" ilk Avropa Oyunlarının təşkili və keçirilməsində iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur.
Təhsil sahəsində bir çox uğurlar qazanmış və sertifikatlar əldə etmişdir.
2020-ci il yanvar ayında “Socar”  və "Nitel Teknoloji Mühəndislik A.Ş" Şirkətinin Azərbaycan flialında elektrik mühəndisi kimi çalışmağa başlamışdır.
2020-ci ilin iyunun 7-də Füzuli şəhər Hərbi Komissarlığı tərəfindən Həqiqi Hərbi Xidmətə çağırılaraq Goranboy rayonu N sayli Hərbi Hissədə kəşfiyyatçı əsgər olaraq Milli Ordu sıralarında xidmət etmişdir. Daha sonra xidmətə Tərtər rayonunda kəşfiyyatçı əsgər olaraq davam etmişdir.
Sentyabrın 27-də düşmənin əks hücumu nəticəsində başlanan müharibənin ilk günlərində Tərtər, Talışkənd və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etmişdir.
Oktyabrın 3-ü Suqovuşanın alınması uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş, 2 qolundan və ayağından yaralanmışdır.Buna baxmayaraq 3 yaralı və bir şəhid əsgər yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilmişdir. Döyüşdən sonra yaralarının sağalması üçün 15 günlük Bərdə rayon diaqnostika xəstəxanasına yerləşdirilmisdir. Lakin 3 gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır.
Oktyabrın 13-ü Ağdərə istiqamətində yerləşən düşmən postuna kəşfiyyat bölüyü ilə birlikdə hücuma keçmişdir. Döyüş yoldaşlarının şəhid olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edərək qumbara vasitəsi ilə düşmənin 20 dən çox əsgərini məhv etmiş və özü də qəhrəmancasına şəhid olmuşdur. 15 dekabr 2020-ci ilə Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
 
Keçidlər