Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirildi

25 fevral 2022 | 20:00
   25.02.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirildi.
   Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, faciə qurbanlarının, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Respublikasının dövlət bayrağı açılaraq fləşmob təşkil edildi.
  Xocalı şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, fəal gənclər, könüllülər, ictimaiyyətin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edirdilər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək bildirdi ki, 30 il əvvəl Azərbaycanın Xocalı şəhərində erməni quldur dəstələrinin mülki əhaliyə, o cümlədən qadın, uşaq və qocalara qarşı törətdikləri qırğın bəşəriyyətə qarşı ağır cinayətdir. İşğal etdiyi tarixi torpaqlarımızda etnik təmizləmə siyasəti aparan və əhalini qorxutmaq məqsədi güdən Ermənistan silahlı qüvvələri 613 nəfəri vəhşicəsinə qətlə yetirib. Onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i qocalardır. Bundan başqa, 1275 nəfər girov götürülüb, itkin düşmüş 150 dinc sakinin taleyindən indiyədək xəbər yoxdur.
   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Xocalı həqiqətlərinin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı düşmən işğalından azad edərək Xocalı faciəsi qurbanlarının qisasını aldı.
   Qeyd edək ki, Xocalı şəhidlərinin şərəfinə, şəhidlərimizin ölməz ruhuna həsr olunmuş ümumrayon aksiyası çərçivəsində iməcilik iştirakçıları tərəfindən 150 şam ağacı əkildi. Əkilən ağaclar ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi, insanlar arasında ekoloji mədəniyyətə diqqətin artırılması və təbiətə qayğı hissinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Keçidlər