Sabunçu rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün “Yol qaydaları və mən” başlığı altında təlimlərə başlanıldı
25 avqust 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün “Yol qaydaları və mən” başlığı altında təlimlərə başlanıldı. Tədbirin məqsədi Sabunçu rayonunda fəaliyyət göstərən internat-məktəbləri və uşaq sanatoriyalarında təhsil alan valideyn himayəsindən məhrum olmuş, eyni zamanda qəyyumluqda olan uşaqların yolda təhlükəsizlik qaydaları və yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi, asudə vaxtın səmərəli keçirilməsidir. Təlimlərin ayda bir dəfə olmaqla 4 saylı “ASAN xidmət” mərkəzinin həyətində yaradılan “Uşaq avtoşəhərciyi”ndə keçirilməsi nəzərdə tutulmuşdur.
İlk təlim 4-12 yaş arası 30 nəfər uşağın iştirakı ilə keçirildi. Əvvəlcə tədbir iştirakçılarına “Yol hərəkəti əlifbası” broşürları paylanılaraq, uşaqlara yol hərəkəti qaydaları, yol hərəkət nişanları və yolda təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verildi. Sonra isə iştirakçılar 4 saylı “ASAN xidmət” mərkəzinin həyətində yaradılan “Uşaq avtoşəhərciyi”ndə yol hərəkət nişanları ilə bağlı öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Təlimdən sonra fəal və nümunəvi iştirakına görə bir nəfər təlimçi və bir nəfər iştirakçı Sabunçu Rayon İcra Hakimiyyətinin və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin xüsusi sertifikatı ilə təltif olundu.
Tədbirin sonunda uşaqlara şam yeməyi və maraqlı hədiyyələr verildi. Aksiya çərçivəsində təlimlərə 4-12 yaş arası 350 nəfər azyaşlının cəlb olunması nəzərdə tutulmuşdur.