Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirildi
04 sentyabr 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirilib.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, sədrin müavini Siyavuş Heydərov, Sabunçu RİH başçısının birinci müavini Güloğlan Məmmədov, Sabunçu RİH başçısının müavini Arzu Məmmədova, Aparatın məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev, DQİDK-nin Bakı şəhəri üzrə şöbənin müdiri Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə bölgə qazıləri Musa Qasımov və Məhəmməd Quliyev, həmçinin rayonunda fəaliyyət göstərən dini icmaların nümayəndələri və rayon ağsaqqalları iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider, ulu öndər Heydər Əliyevin büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük bir rolu vardır və bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir. İcra hakimiyyətinin başçısı qeyd edib ki, ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq din hər zaman dövlətə dayağı kimi çıxış edib. Rayon icra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
DQİDK-nin Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Sabunçu rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib. O, bildirib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərimizin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac vardır. Bunu nəzərə alaraq müxtəlif rayonlarda dini icmaların nümayəndələri ilə görüşlər keçirilir və fikir mübadiləsi aparılır.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. O, qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanun vasitəsilə nizamlanır. Konstitusiyamızda dini azadlıqla bağlı müddəalar heç də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir.Mübariz Qurbanlı vurğulayıb ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətinin bariz nümunəsidir.Komitə sədri son vaxtlar dünyada qeyri-ənənəvi cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışmalarından və siyasi məqsədləri üçün istifadə etməyə çalışmalarından söz açaraq bunun qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyinə toxunub. DQİDK-nın sədri ölkədə dini təhsil məsələsinə toxunaraq bunun “Dini etiqad azadlığı haqqında” qanunla tənzimləndiyini qeyd edib. O, deyib ki, qanunda da vurğulandığı kimi, dini təhsil verən insanların mütləq ölkədə dini təhsil almış və səlahiyyət sahibləri olması vacibdir.
Tədbirdə həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə bölgə qazıləri Musa Qasımov və Məhəmməd Quliyev çıxış edərək bildirdilər ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətinin bariz nümunəsidir.
Sonda dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparılıb və dini icma sədrlərinə DQİDK-si tərəfindən “AZƏRBAYCAN –İSLAM MƏDƏNİYYƏTİNİN İNCİSİ” adlı kitablar hədiyyə olundu.