Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2013-2014-cü dərs ilinin yekunlarına dair təhsil konfransı keçirildi

12 sentyabr 2014 | 19:00

           13 sentyabr 2014 –cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Gənclər Evində 2013-2014-cü dərs ilinin yekunlarına dair təhsil konfransı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu RİH başçısının I müavini Güloğlan Məmmədov, müavin Aftandil Hüseyn-zadə, müavin Arzu Məmmədova, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, RİH Aparatın məsul işçiləri, qəsəbə icra nümayəndələri, 2013-2014-cü dərs ilinin yekununda  ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə etmiş məzunlar və onların valideynləri iştirak edirdilər.
       Tədbiri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev giriş sözü ilə açaraq ilk öncə iştirakçıları Yeni Dərs ilinin başlanması münasibətilə təbrik etdi və təhsilin ölkənin, millətin həyatında həlledici amil olduğunu qeyd etdi. A.Vəliyev bildirdi millətin gələcəyi olan təhsilin tərəqqisi cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahədir. Ümummilli Lider, ulu öndər Heydər Əliyevin  siyasi kursunu layiqincə davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev övladlarımızın yüksək səviyyəli təhsil almasına, onların qazandığı bilik və təcrübə ilə müstəqil Azərbaycanın tərəqqisinə töhfə vermələri üçün lazımi şərait yaratmışdır. Ölkənin birinci xanımı , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısı nəticəsində respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Sabunçu rayonunda da təhsilin ildən-ilə inkişafına öz müsbət təsirini göstərmişdir.
      Sabunçu RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Məmmədova “Sabunçu rayonunda 2013-2014-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” barədə məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Həm Dövlət Proqramları çərçivəsində, eləcə də   Heydər Əliyev Fondu və digər  mənbələr hesabına 2003-cü ildən Sabunçu rayonunda 10 yeni məktəb  binası, 20 tədris korpusu və digər yardımçı binalar tikilərək istifadəyə verilmişdir.
     Təkçə 2013-2014-cü tədris ili ərzində “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” Əlavə Tədbirlər Planına əsasən Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəb üçün 400 şagird yerlik 20 əlavə sinif otağı tikilərək istifadəyə verilmiş, həmçinin 72 nömrəli məktəb-lisey, 4 və  81 nömrəli tam orta məktəblər əsaslı təmir olunmuşdur. Hazırda rayonda “2014-2016- cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Sabunçu qəsəbəsində 148 nömrəli  tam orta məktəbin qəzalı vəziyyətdə olan köhnə korpusunun sökülərək yerində 528 şagird yerlik tədris korpusunun tikintisinə başlanılmışdır.
     Rayon üzrə 46 tam orta məktəb fəaliyyət göstərir, bu məktəblərdə 47587 şagirdin təlim-tərbiyəsi ilə 3684 müəllim məşğul olur. 2013-2014-cü tədris ilində Sabunçu rayonu üzrə 2275 nəfər məzun XI sinfi müvəffəqiyyətlə bitirərək attestat almışlar. Məzunlardan 1938 nəfər və ya 85 faizi sənədlərini ali məktəblərə daxil olmaq üçün təqdim etmişdir. Onlardan 1124 nəfəri yəni 57 faizi sınaqdan uğurla çıxmış və tələbə adı qazanaraq respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Məzunların 160 nəfəri 500, 53 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2012-ci ildə ali məktəblərə qəbul olan məzunların sayı 917 nəfər və ya 47 faiz, 2013-cü ildə isə 1043 nəfər və ya 53 faiz təşkil edirdi.
     Bu ilin qəbul göstəricilərinə görə 2 məktəb 80 faizdən yuxarı, 32 məktəb 50-80 faiz, 12 məktəb 30-50 faiz arası nəticə əldə etmişdir.  169 nömrəli tam orta məktəbin məzunu Aşirov Yusif Cümşüd oğlu 690 bal toplayaraq, rayonun ən yüksək nəticəsini əldə etmiş və Qafqaz Universitetin Maliyyə kredit fakültəsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 09 sentyabr 2014-cü il tarixli “2014-2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən Sabunçu rayonu üzrə 5 nəfər tələbə Prezident təqaüdünə layiq görülmüşdür.
     Rayonun məktəbləri üzrə aparılmış təhlillər  göstərir ki, bu  sahədə ən yüksək göstəricilər 72 nömrəli tam orta məktəb-lisey (qəbul olunanların sayı 84,78 %) təşkil etmişdir, 259 nömrəli tam orta  məktəb  (80.00%) , 108 nömrəli tam orta məktəb (76,19%) , 209 nömrəli tam orta  məktəb  (75,00 %), 310 nömrəli tam orta məktəb (74,50%), 22 nömrəli tam orta məktəb (72.97%) və 94 nömrəli tam orta məktəblər (72.00%) olmuşdur.
     Tədbirdə ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş məzunlar çıxış edərək Azərbaycan dövlətinin, ən başlıcası dövlət başçısı cənab İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın milli təhsilin inkişafına göstərdikləri qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlara və növbəti tədris ilində I sinfə gedəcək məktəblilərə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edildi.

Keçidlər