Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2023-2024-cü illərin qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib

16 noyabr 2023 | 14:57
     16.11.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 2023-2024-cü illərin qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə vəziyyətin yoxlanılması və qış aylarında havaların qarlı-şaxtalı günlərində küçə, səki, məhəllədaxili ərazi və yolların qardan vaxtında təmizlənməsi, nəqliyyatın hərəkətinin nizamlanması haqqında müşavirə keçirilib.
     Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən Həsənli, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətov, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Bakı şəhər Sabunçu rayonunun təsərrüfat xidmətlərinin rəisləri, təhsil, səhiyyə və bir sıra digər müəssisələrin rəhbərləri iştirak edirdilər.
     Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək tədbirlər planına uyğun olaraq işlərin görüldüyünü qeyd etdi. Eyni zamanda yolların qardan vaxtında təmizlənməsi məqsədi ilə istifadə olunacaq texnikaların texniki vəziyyətinin yoxlanıldığını, lazımı səviyyədə duz ehtiyatının olduğunu və cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki, eləcə də növbətçilik cədvəlinin təsdiq olunduğunu vurğulayan A.Vəliyev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
     Tədbirdə çıxış edən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev 2023-2024-cü illərin qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqları diqqətə çatdıraraq, zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.
     Müşavirənin sonunda qış mövsümünə hazırlığın qiymətləndirilməsi və görüləcək işlər barədə müzakirələr aparılıb.
Keçidlər