Sabunçu rayonunda 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və ilin sonuna kimi qarşıda duran vəzifələr müzakirə edilmişdir
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının Sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
Dövlət başçısı iclası giriş nitqi ilə açaraq 2014-cü ilin doqquz ayında ölkəmizin bütün sahələrində uğurlu inkişafın təmin edildiyini bildirilmişdir. Qeyd edilmişdir ki, Avropada iqtisadi maliyyə böhran davam etdiyi halda, Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında da bu inkişaf davam edərək ümumi daxili məhsul 2,5 faiz artmışdır. Cənab Prezident bildirmişdir ki, dünyada mövcüd olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu çox müsbət göstəricidir. Ən önəmlisi isə ondan ibarətdir ki, aparılmış siyasət nəticəsində qeyri-neft sektoru 6 faiz artmışdır ki, buda bizim əsas məqsədimizdir.
Hər il olduğu kimi, cari ilin doqquz ayında da əhalinin pul gəlirləri infliyasiyanı üstələmişdir. Beləki, inflyasiya cəmi 1,5 faiz səviyyəsində olmuş, əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır.
Məlumdur ki, iqtisadi inkişafı müəyyən edən əsas amil qoyulan investisiyaların həcmi ilə bağlıdır. Ona görə də dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox böyük işlər görülür, rəqabət aparılır. Görülən tədbirlər nəticəsində son illərdə Azərbaycana çox böyük həcmli investisiyalar qoyulmuşdur. Cari ilin əvvəlindən bütün sahələrdə qoyulan sərmayələrin ümumi həcmi 19 milyard dollar olmuşdur ki, bunun da 11 millyard dollarını daxili sərmayələr təşkil etmişdir.
2014-cü ilin əvvəlindən ölkəmizin maliyyə resurları 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə hazırda 53 milyard dollardan çox valyuta ehtiyarlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir.
Doqquz ayda ölkədə, o cümlədən də Bakı şəhəri və onun qəsəbələrində sosial proqramlar uğurla icra edilmişdir və bu proses davam etdirilir.
Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dovos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətinə görə 38-yerə layiq görmüşdür ki, bu da böyük tarixi nailiyyətdir. Beləki, bu o deməkdir ki, qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlmişdir.
17 Oktyabr 2014-cü ildə Sabunçu rayon İcra Hakimiyyətinin akt zalında Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclas Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının müavinləri, Rayonda olan hüquq-mühafizə orqanlarının rəhbərləri, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının qəsəbə üzrə Nümayəndələri, Kommunal-təsərrüfat idarələrinin rəhbərləri iştirak edirdilər.
Iclası giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ilk olaraq qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub və Ulu Öndər Heydər Əliyevin fərmanı ilə həmin ildən etibarən 18 oktyabr-Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur. A.Vəliyev bu gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi və bildirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.
2014-cü ilin doqquz ayında Sabunçu rayonunun sosial-iqtisadi göstəriciləri də müsbət olmuş, dinamik inkişaf davam etmişdir. Belə ki, rayonun sənayə müəsissiləri və idarələri tərəfindən cari ilin doqquz ayı ərzində 238,1 milyon manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəkdir. Həmin dövr ərzində əhaliyə göstərilən pullu xidmətlər 9,2 faiz artaraq 204,9 milyon manat, öz gücləri ilə yerinə yetirilən tikinti işlərinin həcmi 55,5 faiz artaraq 209,2 milyon manat olmuşdur. Orta aylıq əmək haqqı 1,7 faiz artaraq 438,2 manat, sənayədə çalışanların əmək haqqı isə 1,5 faiz artaraq 565 manat təşkil etmişdir.
Cari ilin 9 ayı ərzində rayonda məşğul əhalinin sayı 30458 nəfər olmuşdur ki, bunlardan 8654 nəfəri sənaye sahəsində çalışanlardır. Bu müddət ərzində rayonda 2077 yeni iş yerləri açılmışdır.
Sonra tədbir Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin cari ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məruzəsi ilə davam etdi.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilərək onun icrasına başlanılmışdır. Dövlət Proqramı çərçivəsində Sabunçu rayonu ərazisində bütün sahələri əhatə edən 75 bənddən ibarət çox mühim sosial və iqtisadi əhəmiyyətli obyektlərin tikintisi, konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və artıq bir sıra bəndlər üzrə işlərin icrasına başlanmışdır.
2014-cü ilin əvvəlindən rayonun sosial-iqtisadi inkişaf Planına uyğun olaraq Respublikanın mərkəzi dövlət orqanlarının, eləcə də rayonun daxili imkanları hesabına rayon ərazisində sosial əhəmiyyətli obyektlərin, qurğuların tikintisi və abadlıq işlərinin aparılması da davam etdirilmişdir.
Cari ilin may ayının 7-də Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə Bakıxanov qəsəbəsinin Sülh küçəsində inşa edilmiş “Asan Xidmət” Mərkəzinin 5 mərtəbəli inzibati binasının, 13 sentyabr tarixində isə 72 və 80 nömrəli tam orta məktəblərin əsaslı təmir olunmuş binalarının və yeni tikilmiş korpusun açılışı olmuşdur. Bundan başqa, ilin əvvəlindən 8000 abonent tutumlu ATS-25-in, Gənclər Evinin və Sabunçu qəsəbəsində 12 saylı Şəhər Poliklinikasının binaları istifadəyə verilmişdir.
Hal-hazırda Balaxanı qəsəbəsində “Balaxanı sənaye Parkının”, Nardaran qəsəbəsində Muğam Mərkəzinin, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət evinin, Bakıxanov qəsəbəsində Sabunçu rayon və 2 saylı Bakı İnzibati-iqtisad Məhkəmələri üçün inzibati binaların tikintisi, Bakıxanov qəsəbəsində ümumi sahəsi 2,2 ha olan “Heydər Əliyev” adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma işləri və orada H.Əliyev Mərkəzinin inşası, Zabrat və Pirşağı qəsəbələrində 3 girişli yanğından mühafizə bölməsi üçün binaların tikintisi davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində yeni 3 mərtəbəli uşaq bağçasının tikintisi artıq başa çatdırılmaq üzrədir.
2014-cü ilin əvvəlindən rayon ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri də davam etdirilmişdir. Bakıxanov qəsəbəsinin mərkəzi Y.Əliyev, S.Mehmandarov, M.Fətəliyev, Sülh küçələrində çoxmərtəbəli yaşayış binalarının fasadları müasir tələblərə cavab verən aqlay daşlarla üzlənmiş, işıqlandırma sistemləri qurulmuş, dam örtükləri dəyişdirilmişdir. Həmin binaların ətrafında abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri aparılmışdır. Hal-hazırda bu binalardan 47-də işlər başa çatdırılıb, o cümlədən yalnız son 3 ay ərzində 5 yaşayış bınasının fasadında və dam örtüklərində təmir-bərpa işləri aparılaraq ağlay daşla 5500 kvm üzləmə işləri yerinə yetirilmişdir, 3 binada isə üzləmə və digər işlər davam edir. Bakıxanov qəsəbəsinin R.Qəmbərov, Sülh və M.F.Axundov küçələrində 16 binanın məhəllədaxili ərazilərində 12 nümunəvi həyət salınmış, Yeni Ramanada ahıllar üçün bina tikilib istifadəyə verilmişdir. Hazırda M.Fətəliyev küçəsi 29, 29a ünvanlarında isə yeni xeyir-şər evinin tikintisi başa çatdırılmışdır. M.Fətəliyev küçəsi 68 və Sülh küçəsi 1№-li çoxmənzilli binaların həyətlərində isə iki yeni xeyir-şər evinin inşasına başlanmışdır.Suraxanı rayonu ilə sərhəddə dəmir yolu keçidinin ətrafı abadlaşdırılmış, Komsomol döngəsi küçəsi boyu yol bərpa edilərək yeni asfalt örtüyü vurulmuşdur.
Rayonda Beynalxalq Olimpiya Stadionunun tikintisi ilə əlaqədar Böyük-Şor yaşayış massivində 600-dən çox fərdi yaşayış evi və 6 obyekt sökülüb ərazidə təmizlik işləri aparılmışdır.
Hazırda ümumi sahəsi 1,8 ha olan Balaxanı parkında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmaq üzrədir.
İlin əvvəlindən Bakıxanov, Sabunçu, Balaxanı, Maştağa, Pirşağı, Ramana qəsəbələrində mərkəzi və daxili yollara ümumilikdə 213500 m2 asfalt örtüyü vurulmuşdur.
Qeyd etmək lazımdır ki, qəsəbədaxili yolların və məhəllədaxili ərazilərin asfaltlanması ilə yanaşı yenidənqurma və işıqlandırma işləri də aparılmışdır. Bu məqsədlə yol kənarlarında 796 ədəd müasir tipli dirəklər basdırılmış, 31840 m uzunluğunda yeni kabel çəkilmiş və 1600 ədəd çıraq quraşdırılmaqla həmin sahələrin işıqlandırılması təmin edilmişdir.
Cari ilin 9ayı ərzində əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatının daha da yaxşılaşdırılması, yeni kanalizasiya xətlərinin çəkilməsi üzrə də xeyli işlər görülmüş və hazırda da davam etdirilməkdədir.
Rayonun Mənzil Fondunun, təhsil, səhiyyə və digər sosial obyektlərin 2014-2015-ci illərin payız-qış mövsümündə istiliklə təmin edilməsi üçün 7 saylı İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən cari ilin 9 ayı ərzində müəyyən işlər görülmüşdür ki, bu barədə əlavə məlumat veriləcək.
Əminliklə demək olar ki, 2014-2016-cı illər üzrə qəbul edilmiş yeni Dövlət proqramının Sabunçu rayonunda icrası nəticəsində digər sahələrdə olduğu kimi istilik, su təchizatı, kanalizasiya sahələrindəki mövcud çətinliklər də aradan qaldırılacaq, daxili yolların təmir –bərpası və nəzərdə tutulmuş digər tədbirlərin icrası tam başa çatdırılacaq, əhalinin güzaranı, sosial vəziyyəti daha da yaxşılaşacaqdır.
Rayonun mənzil fondunun təhlükəsiz istismarı, onların təmir-bərpası üzrə də müəyyən tədbirlər həyata keçirilsə də bu sahədə görüləsi işlərdə çoxdur.
Belə ki, əsasən həm rayon MKTB, həm də 1 və 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balansında olan xeyli yaşayış binası qəzalı vəziyyətdədir. Ya onlar sokülüb yerində yenisi tikilməli, ya da orada zəruri təmir-bərpa işləri aparılmalıdır.
Cari ilin 9 ayı ərzində qəsəbələrdə, yaşayış məntəqələrində sanitar-təmizlik işlərinin aparılmasının səviyyəsinin qaldırılması, məişət tullantılarının vaxtında yığışdırılaraq daşınması istiqamətində xeyli işlər görülmüşdür. Bu işlərin daha da intensiv və keyfiyyətlə aparılmasında Kommunal Təsərrüfat İdarəsinin yeni texnika ilə təchizatının böyük rolu olmuşdur.
Lakin, hələ də bəzi yerlərdə qəsəbə nümayəndəlikləri, bələdiyyələr, KTİ və MKİS-lərin rəhbərləri rayonda sanitar–təmizlik işlərinin lazımi səviyyədə aparılmasına nail ola bilməmişlər.
Son günlər ərzində əraziyə baxış keçirilərək məişət tullantılarının vaxtında daşınmadığı yerlər, sanitar-təmizlik işlərinin istənilən səviyyədə olmadığı konkret ünvanlar müəyyənləşdirilərək aidiyyəti şəxslərin nəzərinə çatdırıldığından və Kommunal-Təsərrüfatı idarəsinin rəisinin bu barədə geniş məlumat verəcəyimi nəzərə alaraq mən həmin ünvanları sadalamaq istəmirəm və inanıram ki, həmin çatışmamazlıqlar qısa müddət ərzində aradan qaldırılacaq.
Cari ilin əvvəlindən rayonun mərkəzi küçələri və məhəllədaxili ərazilərində geniş abadlıq işləri aparılmış, qeyri-qanuni çəpərlər sökülmüş, qarajlar, piştaxtalar götürülmüş, qanunsuz küçə ticarətinin və ət kəsilib-satılmasının qarşısının alınması üzrə müəyyən tədbirlər görülmüşdür.
Lakin əraziyə baxış keçirilərkən Bakıxanov,Sabunçu, Maştağa, Bilgəh, Pirşağı, Kürdəxanı qəsəbələrinin ərazilərində hələ də antisanitariya şəraitində ət kəsilib əhaliyə satılmasına yol verildiyi əşkar edilmişdir.
Eyni zamanda, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hələ də bəzi qəsəbələrin ərazilərində, yol kənarlarında, açıq hava şəraitində təndirlərdə çörək bişirilərək əhaliyə satılır ki, bu da insan həyatı üçün təhlükəlidir, buna görə də bu cür halların da qarşısı bir dəfəlik alınmalıdır.
Rayon İcra Hakimiyyəti 2014-cü ilin əvvəlindən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Cari ilin 9 ayı ərzində İcra Hakimiyyəti Aparatına 3792 ərizə və 1748 məktub daxil olmuş, İcra hakimiyyəti başçısı tərəfindən İcra hakimiyyətində 191 nəfər, keçirilmiş 20 səyyari görüşdə isə cəmi 3000 nəfərə yaxın sakin iştirak etmiş və bu görüşlərdə 134 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməkliklər göstərilmiş, izahatlar verilmişdir.
Edilmiş müraciətlər əsasında 9 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə müxtəlif məqsədlər üçün 160 min manata yaxın maddi yardımlar göstərilmişdir.
Rayon ərazisində 50 müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitinin yaxşılaşdırılmasına köməklik edilmiş, onların yaşadıqları binaların enerji, su təchizatı, digər kommunal xidmətləri nəzarətdə saxlanmışdır. Novruz, Ramazan və Qurban bayramları ərəfəsində ərazidə məskunlaşmış məcburi köçkün, Qarabağ əlilləri, şəhid və digər az təminatlı ailələrə ərzaq bağlamaları verilmiş, iftar süfrələri açılmış, gündəlik tələbat malları ilə köməkliklər göstərilmişdir. Ənənəvi olaraq usaq sanatoriyalarında müalicə olan uşaqlar üçün bayram süfrələri açılmış, hədiyyələr verilmişdir.
İnanıram ki ilin sonuna kimi də fəaliyyətimizi bu istiqamətdə dahada genişləndirərək möhtərəm Prezidentin qarşımızda qoyduğu vəzifə və tapşırıqları Sizinlə birgə layigincə yerinə yetirəcəyik.